“Ermənistan Azərbaycanın yeni ərazilərini zəbt etmək məqsədi güdür”

“Ermənistan Azərbaycanın yeni ərazilərini zəbt etmək məqsədi güdür” “İyulun 12-də Azərbaycan növbəti dəfə Ermənistan Silahlı Qüvvələrinin hərbi hücumuna məruz qalıb. Dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz hissəsindəki mövqeləri, həmçinin, sərhədyanı yaşayış məntəqələri intensiv artilleriya atəşinə məruz qalıb. Nəticədə Azərbaycan tərəfinin hərbi və mülki şəxsləri arasında itkilər olub. Yaşayış evləri və xəstəxanalar daxil olmaqla, mülki infrastruktura ciddi ziyan dəyib”.
Bu sözləri Xarici İşlər naziri Ceyhun Bayramov “TASS” agentliyinə müsahibəsində deyib. O bildirib ki, erməni tərəfinin təxribatı təsadüfi hərbi toqquşma deyildi:
“Biz dövlət sərhədinin Tovuz istiqamətində hücuma Ermənistan tərəfinin Azərbaycan Respublikasına qarşı növbəti təcavüz aktı kimi baxırıq. Ermənistan Azərbaycanın yeni ərazilərini zəbt etmək məqsədi güdür. Bu hərbi hücum Ermənistan tərəfindən bu ölkənin müdafiə nazirinin "əlverişli təhlükəsizlik vəziyyəti yaratmaq üçün qabaqlayıcı zərbələr" və "yeni ərazilər üçün yeni müharibə" bəyanatına əsasən yeni hərbi strategiya əsasında qabaqcadan planlaşdırılıb. Bu təcavüzkar hərbi doktrina əsasında hərəkət edən Ermənistan hərbi və siyasi hesablamalarına əsasən həmin hücumu həyata keçirib. Ermənistan sərhədin Tovuz hissəsini qəfil hücum üçün daha uyğun yer hesab edib. Atışmanın miqyası və intensivliyi onu göstərir ki, erməni tərəfi bu hücumu əvvəlcədən planlaşdırıb və aktiv hərbi fəaliyyətlərin, xeyli sayda silah və döyüş sursatlarının olmadığı əraziyə cəmlənib.
Azərbaycanın sərhədyanı ərazilərinin və orada yerləşən mülki obyektlərin atəşə tutulmasının intensivliyi mülki əhali arasında çaxnaşma yaratmaq və insanları evlərini tərk etməyə məcbur etmək məqsədi daşıyırdı. Hücum Azərbaycanın böyük enerji və nəqliyyat infrastrukturu obyektlərinin yerləşdiyi bölgəsi istiqamətində həyata keçirilib. Təbii ki, Ermənistandakı pandemiya şəraitində kəskinləşən daxili siyasi, sosial və iqtisadi problemlər də onun silahlı hücumunun vaxtının seçiminə təsir göstərib.
Azərbaycan Silahlı Qüvvələri hücumun qarşısını alıb və öz mövqelərini qoruyub. Ermənistanla sərhəddə hərbi vəziyyət gərgin olaraq qalır. Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmaqda davam edir.
Ermənistanın Tovuz istiqamətində hücumu Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş və münaqişənin sülh yolu ilə tənzimlənməsinə xələl gətirən davamlı bəyanatları və hərəkətləri fonunda həyata keçirilib. Ermənistan rəhbərliyi açıq şəkildə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir, ölkənin ikinci ən böyük şəhəri Gəncə də daxil olmaqla yaşayış məntəqələrinə hərbi zərbələr endirməklə hədələyir və danışıqların yenidən başlaması üçün absurd şərtlər irəli sürür.
Gələcəkdə oxşar toqquşmaların qarşısını almaq üçün burada münaqişənin ilkin səbəblərinə diqqət yetirməliyik - bu, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və ərazilərimizin işğalıdır. Ona görə də hesab edirik ki, regionda təhlükəsizlik və sabitliyin təmin olunması və gələcəkdə bu kimi təxribatların təkrarlanmasının qarşısını almaq üçün, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində tələb olunduğu kimi, işğalçı qoşunların Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması vacibdir".

Tehsil-press.az


Oxşar xəbərlər