ADA Universitetində natiqlik müsabiqəsi keçirilib

ADA Universitetində natiqlik müsabiqəsi keçirilib ADA Universitetində natiqlik müsabiqəsi keçirilib.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən müsabiqədə ADA Universitetinin 15 tələbəsi tanınmış şairlərin şeirlərini səsləndiriblər.
ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal Ümummilli Lider Heydər Əliyevin natiqlik istedadının, səmimi və özünəməxsus nitq üslubunun hər kəsə nümunə olduğunu vurğulayıb. “Natiqlik insana təbiətən verilən xüsusi istedaddır. Lakin bu xüsusi istedadla dünyaya gəlməyənlər belə dinləməklə, müşahidə etməklə və daim öz üzərilərində işləməklə həmin bacarığa sahib ola bilərlər. ADA Universitetində tələbələrə bu bacarıqları qazandırmaq və ya inkişaf etdirmək üçün hərtərəfli şərait mövcuddur”, - deyə o bildirib.
Daha sonra tələbələr Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi”, Nəriman Həsənzadənin “Yoxdur”, Səməd Vurğunun “Azərbaycan” və Hüseyn Cavidin “Gülbahar” və digər tanınmış şairlərin şeirlərini səsləndiriblər.
Azərbaycanın Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Xalq artisti, kinorejissor Oqtay Mirqasımov, prorektor Vəfa Kazdal, Əməkdar artist Mehriban Xanlarova və ADA Məktəbinin rus dili müəllimi Natella Tarverdiyeva münsiflər heyəti qismində tələbələrin nitq bacarıqlarını qiymətləndiriblər.
Qonaqlar, həmçinin tələbələrin ifasında piano əsərlərini dinləyiblər.
Tədbir zamanı Heydər Əliyevin poeziya nümayəndələrinə olan diqqət və qayğısını əks etdirən videogörüntülər nümayiş etdirilib.
Sonda qaliblərin adları açıqlanıb. Rəhimə Kərimova 1-ci yerə, Marjonna Vahobova, Haviza Nabiyeva, Hasinnah Abdul Halim 2-ci yerə, Aytac Hüseynli, Fidan Ağayeva və Əli Paşayev 3-cü yerə layiq görülüblər.

Tehsil-press.az



Oxşar xəbərlər