“AAM- 2019 Bakı Natiqlik müsabiqəsi” adlı məktəblərarası müsabiqə keçirilib

“AAM- 2019 Bakı Natiqlik müsabiqəsi” adlı məktəblərarası müsabiqə keçirilib 8-9 noyabr tarixlərində Avropa Azərbaycan Məktəbinin təşkilatçılığı ilə “AAM- 2019 Bakı Natiqlik müsabiqəsi” adlı məktəblərarası müsabiqə keçirilib. Bu müsabiqə vasitəsilə Bakı şəhərinin müxtəlif məktəblərinin 11-18 yaşlı şagirdləri yaradıcı natiqlik, bədahətən natiqlik və şifahi şərh olmaqla, üç istiqamətdə bacarıqlarını sınayıblar. Müsabiqədə şagirdlər “Dəyişən dünya” mövzusunda öz yaşlarına uyğun qlobal məsələlərə münasibət bildirərək, müxtəlif məktəblərdən olan həmyaşıdları ilə akademik yazı, publika qarşısında natiqlik üzrə bilik və bacarıq yarışı nümayiş etdiriblər.
Müsabiqədə Bakının 6 məktəbi 54 şagirdlə təmsil olunub. Müsabiqə iştirakçıları iki yaş kateqoriyasında yarışırdı – 11-15 yaş və 15-18 yaş qrupları. Müsabiqədə hər məktəb iki komanda ilə iştirak edirdi.
Yaradıcı natiqlik kateqoriyası üzrə müsabiqədə şagirdlər öz seçdikləri mövzü üzrə nitq hazırlamışdı. Bu kateqoriya üzrə - iqlim dəyişikliyi, ailə dəyərləri, uşaq əməyi, nəsillərarası münasibətlər mövzusunda şagirdlərin çıxışları dinlənildi. Bu müsabiqədə bütün yaş qrupları üzrə şagirdlər iştirak edirdi.
Bədahətən natiqlik kateqoriyası üzrə müsabiqədə aşağı sinif şagirdləri iştirak edirdi. Bu müsabiqədə şagidrlərə onların təhlil etmə qabiliyyətini yoxlamaq üçün münsiflərin tərtib etdiyi siyahıdan bədahətən bir ideya verilir və şagirdlər 90 saniyə ərzində onu təhlil edərək, üç dəqiqəlik bir nitq söyləyir. İdeyalar müasir gənclər arasında geniş müzakirə olunan mövzular arasından seçilərək, təşkilatçılar tərəfindən əvvəlcədən müəyyənləşmişdi.
Şifahi şərh kateqoriyası üzrə müsabiqədə yuxarı sinif şagirdləri iştirak edirdi. Bu kateqoriyada yarışan şagirdlərə bədahətən verilən sual, qısa ifadə və ya sözə dair 5 dəqiqəlik yazılı nitq hazırlamaq tapşırıldı. Bu nitqi hazırlamaq üçün şagirdlərə 20 dəqiqə vaxt verildi. Şərhlər, arqumentlər və ya təşviqat xarakterli olmalı idi.
Məsələn, hər hansı bir televiziya xəbərinə şərh vermək və ya jurnalların baş məqaləsinə münasibət bildirmək.
Müsabiqədə Avropa Azərbaycan Məktəbi, “Dünya” məktəbi, TİSA, Bakı Oksford Məktəbi, “British School in Baku” və T. Həsənov adına 23 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.
Gərgin keçən mübarizənin sonunda bu məktəblər qalib elan olunublar:
I yer – TİSA
II yer – Baku Oksford Məktəbi
III yer – “British School in Baku”
Müsabiqənin yekununda hər nominasiya üzrə qaliblərin mükafatlandırma mərasimi keçirilib. Avropa Azərbaycan Məktəbinin direktoru, əməkdar müəllim Asif Cahangirov çıxış edərək, qaliblərə təbrikini çatdırıb. O, belə müsabiqələrin şagirdlərin dünyagörüşünün formalaşmasında, dostlar qazanmasında, bilik və bacarıq mübadiləsində əvəzsiz rolundan danışaraq, qaliblərə medallar və sertifikatlar təqdim edib.

“AAM- 2019 Bakı Natiqlik müsabiqəsi” adlı məktəblərarası müsabiqə keçirilib
“AAM- 2019 Bakı Natiqlik müsabiqəsi” adlı məktəblərarası müsabiqə keçirilib
“AAM- 2019 Bakı Natiqlik müsabiqəsi” adlı məktəblərarası müsabiqə keçirilib

Tehsil-press.az


Oxşar xəbərlər