İran Azərbaycan vətəndaşları üçün təhlükəli ölkəyə çevrilib - TƏHLİL

İran Azərbaycan vətəndaşları üçün təhlükəli ölkəyə çevrilib - TƏHLİL Azərbaycan tələbə Fərid Səfərlinin İranda casusluq ittihamı ilə həbs olunması molla rejiminin əsl mahiyyətini bir daha açıq nümayiş etdirmiş oldu.
Almaniyanın Yena Universitetində təhsil olan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F. Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.
O vaxtdan ailəsi Fəriddən məlumat ala bilmirdi. Nəhayət, 3 ay sonra İran-molla rejiminin Fəridi casusluqda ittiham edərək saxladığı barədə məlumat əldə olunub.
İranın Azərbaycan vətəndaşlarına qarşı bu cür absurd ittihamlar irəli sürüb həbs etməsi halları zaman-zaman baş verib.
İrana işləmək üçün gedən azərbaycanlı alim Rəşid Əliyev də 2008-ci ildə qondarma casusluq ittihamı ilə həbs olunmuşdu.
Rəşid Əliyev 2007-ci ildə İran tərəfindən müqavilə əsasında elmi-tədqiqat işlərinə dəvət almış, orada kvant elektronikası sahəsində elmi-tədqiqat işlərində iştirak etmişdi. Şirkətin rəhbərliyi ona dəfələrlə İran vətəndaşlığını qəbul etməsini və daimi İranda qalıb işləməsini təklif etsə də, Rəşid Əliyev bundan imtina etmiş, Azərbaycana qayıtmışdı. 2008-ci ildə isə Rəşid Əliyevi yenidən İrana dəvət edərək, müəmmalı şəraitdə həbs etmiş, ona qarşı da qondarma casusluq ittihamı irəli sürmüş, siyasi məhbusların saxlanıldığı məşhur “Evin” zindanında günahsız yerə 1 il 10 ay saxlamışdılar.
Bundan başqa, Azərbaycanın iki gənc şairi Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacıyev) 2012-ci il mayın 2-də İranda həbs olunmuşdu. İrana ədəbi müsabiqədə iştirak üçün gedən gənc şairlər İran təhlükəsizlik qüvvələri tərəfindən qondarma ittihamla həbs olunmuş, üç ay orada həbsdə saxlanılmışdı.
Digər azərbaycanlı alim, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə İsmayılova (Xalid) və onun sürücüsü Şamxal Hüseynov da 2013-cü il aprelin 30-da İranın xüsusi xidmət orqanı olan ETTELAAT tərəfindən qondarma casus ittihamı ilə saxlanılmışdı. Heç bir dəlil-sübut olmadan Xalidə İsmayılova İran dövlət televiziyası tərəfindən casus elan edilmişdi. Alimin həbsdən azad edilməsi həmin il mayın 19-da mümkün olmuşdu.
İrana səfər edən Azərbaycan vətəndaşlarının haqsız yerə, qondarma ittihamlarla, xüsusilə casus ittihamı ilə həbs olunmasına dair siyahını genişləndirmək də olar. Sonuncu olaraq Fərid Səfərlinin casus ittihamı ilə saxlanması, uzun müddət ailəsinə ondan heç bir məlumat verilməməsi İran-molla rejiminin tarixi ənənəsinə sadiq qaldığını göstərir.
Buradan çıxan başqa nəticə isə odur ki, İran təhlükəli ölkədir, ora səfər etmək Azərbaycan vətəndaşları, eləcə də digər əcnəbilər üçün ciddi problemlərə səbəb ola bilər.
Sadalanan faktlar, eləcə də İran dövlətinin mahiyyəti belə qənaətə gəlməyə əsas verir ki, İrana səfər edən azərbaycanlılar xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülür, onların əməkdaşlığa cəlb edilməsinə cəhdlər edilir, bu alınmadıqda isə qondarma səbəblərlə həbs edilir və ciddi problemlər yaşamağa məcbur olurlar.
Son vaxtlar Azərbaycanda İranın casus şəbəkəsi ifşa olunduqca, Tehranın öz mahiyyətinə uyğun əməllərə əl atdığı aydın görünür.
Yaranmış vəziyyətdə Azərbaycan vətəndaşları İran dövlətinin mahiyyətini anlamalı, bu ölkəyə səfər etməkdən çəkinməlidirlər.
İranla sərhədlər bağlı olsa da, bəzi vətəndaşlarımız oraya üçüncü ölkələr vasitəsilə səfər edirlər. Elə Fərid Səfərli də İrana Almaniyadan səfər edib. Nəticə isə budur ki, o, İran xüsusi xidmət orqanlarının qondarma ittihamı ilə üzləşərək, haqsız yerə həbs olunub.
İran bu hərəkətləri ilə Azərbaycana qarşı ənənəvi düşmənçilik siyasətini davam etdirir. Həmişə Ermənistanın yanında olan Tehran rejimi 44 günlük müharibə zamanı, ondan sonrakı dövrdə də bunu şəkildə ortaya qoydu. Ermənistanla sülh müqaviləsi istiqamətində görülən işlərin intensivliyi artdıqca, sülh yaxınlaşdıqca isə İran daha da aqressivləşir. İran-molla rejiminin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi imzalanmasını, son nəticədə, bütövlükdə regiona dinclik, əmin-amanlıq gəlməsini istəmədiyi ortadadır. Odur ki, Tehranın ölkəmizə qarşı bəd əməllərini bundan sonra da davam etdirəcəyini nəzərə almalı, cənubdan gələn hər cür təxribatlara hazır olmalıyıq.
Bir məqamı vurğulamaq yerinə düşər ki, beynəlxalq praktikada düşmən münasibəti ilə seçilən ölkələrə vətəndaşların səfərləri ilə bağlı məhdudiyyətlər var, hətta bununla bağlı cəza tədbirləri görülür. Məsələn, Vaşinqton və Tokio ABŞ və Yaponiya pasportlarından istifadə etməklə Şimali Koreyaya səfərləri qadağan edib. Eyni addım Azərbaycan tərəfindən İrana münasibətdə də atıla bilər. Çünki İran-molla rejimi atdığı addımlarla Bakıya başqa seçim imkanı buraxmır.

Tehsil-press.az


Oxşar xəbərlər