Avropa şirkətləri Ukrayna müharibəsindən hansı dərsləri çıxarıb?

Avropa şirkətləri Ukrayna müharibəsindən hansı dərsləri çıxarıb? Ukraynada davam edən müharibə təkcə fəlakət və məhrumiyyətlər gətirməyib, həmçinin bir çoxları üçün dərs olub. Avropa şirkətləri da onların arasındadır.
Təhlillər göstərir ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra onların bir çoxu öz biznesini təkcə bir bazara yönəltməklə inkişaf etdirmək iqtidarında deyil. Bunun acınacaqlı nümunəsi kimi əfsanəvi “L-140” regional təyyarələrini istehsal edən “Aircraft Industries” kompaniyasını göstərmək olar. Heç kimə sirr deyil ki, onun buraxdığı təyyarələr tamamilə Rusiya bazarı üçün nəzərdə tutulurdu. Kompaniya özünün axırıncı təyyarəsini sifarişçilərə 2022-ci ilin martında tədarük etmişdi. Hazırda sifariş yoxdur, lakin işçilərə ödəmək üçün pul lazımdır. Bu, kompaniya üçün o deməkdir ki, onun son 12-13 ildə hər il 10-12 təyyarə göndərdiyi bazar artıq mövcud deyil. Məlum olub ki, hətta hazır məhsulu da ixrac etmək mümkün deyil və son iki il ərzində ixracatın həcmi 95 faiz azalıb.
Qeyd edək ki, 900-dən çox yüksəkixtisaslı əməkdaşın çalışdığı kompaniya ayaqda qala bilib. O, məhz istehsal etdiyi təyyarələrin keyfiyyətinə görə iflas olmayıb və indi başqa regionlardakı tərəfdaşları ilə əməkdaşlıq edir. Bu vəziyyət yüzlərlə digər iri istehsalçılara da şamil oluna bilər. Onlara belə mürəkkəb vəziyyətdən çıxmağa Avropa İttifaqının (Aİ) üzv dövlətləri kömək edir. Belə ki, tibb texnikası istehsal edən sektor problemləri uğurla həll edib. Müharibəyə qədər avropalı ixracatçılar istehsal etdikləri məhsulun 15 faizini Rusiya və keçmiş sovet respublikalarına tədarük edirdi. Onlar bu bazardan məhrum olduqdan sonra dərhal yeni ixrac istiqamətləri tapdılar, məhsulları geniş tələbatın olduğu Latın Amerikası, Asiya və Afrika ölkələrinə göndərməyə başladılar.
Ötən qış mövsümündə Avropadakı energetika böhranı da kompaniyalara mənfi təsirini göstərdi, istehsal xərcləri sürətlə artdı. Vəziyyət sifarişlərin yerinə yetirilməsi müddətinin uzanması ilə xeyli ağırlaşdı, bəzən tədarük prosesi 2-3 ilə qədər uzanır. Bununla yanaşı, həmin müddətdə məhsulun qiymətini də dəyişdirmək mümkün deyil, bu səbəbdən meydana çıxan əlavə xərcləri istehsalçı özü ödəməli olur. Digər tərəfdən, inflyasiyanın səviyyəsinin yüksəlməsi və uçot dərəcələrinin artması da vəziyyəti pisləşdirib. Bu, bank kreditləri ilə işləyən ixracatçılar üçün çox əlverişsiz şərait yaradır. Aİ ölkələrinin iqtisadiyyatlarının əhəmiyyətli dərəcədə ixracyönlü olduğunu nəzərə alsaq, kreditlərin bahalaşması, avronun məzənnəsinin qalxması, enerjidaşıyıcılarının qiymətlərinin artması kimi amillər rəqabət qabiliyyətinin böyük həcmdə azalmasına səbəb olur.
Daha bir ciddi problem ondan ibarətdir ki, 10-20 il fəaliyyət göstərən kompaniya bazarı tərk etdikdə, onun hətta əlverişli şəraitdə geri qayıtması qısa müddətdə mümkün olmur. Kompaniyanın bu və ya başqa bazarda əvvəlki mövqeyini bərpa etməsi üçün 5-10 il vaxt lazım olur.
Sonda qeyd etmək yerinə düşər ki, firmalar ayaqda qala bilər, lakin bunun üçün ixracın şaxələndirilməsi, eyni zamanda, istehsal edilən məhsulun özünün də diversifikasiyası tələb olunur. Əgər yuxarıda adını çəkdiyimiz kompaniyanın nümunəsində olduğu kimi, məhsulun 85-100 faizi təkcə bir regiona ixrac edilirsə, onda vəziyyət daha ağır ola bilər. Eyni zamanda, kompaniya məhsul çeşidlərini də artırmalıdır.

Tehsil-press.az



Oxşar xəbərlər