Azərbaycanın meyvə-tərəvəzi daha çox Rusiyaya, fındığı isə Avropaya ixrac edilir

Azərbaycanın meyvə-tərəvəzi daha çox Rusiyaya, fındığı isə Avropaya ixrac edilir Azərbaycanın meyvə-tərəvəzlərinin daha çox ixrac edildiyi ölkələr sırasında ilk yeri Rusiya tutur.

Bunu Təhsil-press.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın meyvə-tərəvəzləri daha çox Rusiyaya ixrac edilsə də, fındıq məhsulları daha çox Avropa ölkələrinə ixrac edilir. Pambıq məhsulları əsasən, Türkiyəyə, Rusiyaya, yem məhsulları isə Gürcüstana, İrana, İraqa və Türkiyəyə göndərilir.
C.Quliyev qeyd edib ki, hazırda Azərbaycanın kənd təsərrüfatı məhsulları 50-yə yaxın ölkəyə ixrac edilir:
“Bu il ixrac məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə dəfələrlə artıb. Artım əsasən, meyvə-tərəvəz məhsulları üzrə olub. Pambıq, yem məhsullarında da ciddi artımlar müşahidə olunur”.
C.Quliyev bildirib ki, Azərbaycanın müxtəlif meyvə-tərəvəzləri çox sayda ölkələrə ixrac edilir. Son illər ərzində Azərbaycanda daha çox alma, pomidor, soğanın ixracında ciddi artımlar var.
C.Quliyev qeyd edib ki, əvvəlki ilə nisbətən bu il Azərbaycanın ixrac edəcəyi kartofun çəkisində də artımın olacağı gözlənilir: “Bunun 2 səbəbi var. Birincisi, Rusiya bazarında Azərbaycan kartofuna tələbatın artmasıdır. Digər tərəfdən, son illər ərzində aparılan tədbirlər nəticəsində ölkəmizdə istehsal sahəsində ciddi artımlar qeydə alınır. Təbii ki, istehsalın artımı ixracın artımına da təsir edir”.
C.Quliyev qeyd edib ki, bu il yalnız kartof deyil, meyvə, tərəvəz, xüsusilə fındıq ixracı üzrə artımların olacağı gözlənilir.
C.Quliyev əlavə edib ki, Azərbaycanda pambıq istehsalı artdığından, əkin sahələri genişləndiyindən pambıq istehsalı üzrə göstəricilər də yüksəlir.
Xidmət rəisi hesab edir ki, bu, cari il Azərbaycandan pambıq ixracının da artacağına təsir göstərəcək.

Təhsil-press.az

Oxşar xəbərlər