Nazirlərin “şişən” müşavirləri - israfçılığı durdurmağın yolu

Nazirlərin “şişən” müşavirləri - israfçılığı durdurmağın yolu Azərbaycanda mərkəzi icra orqanı funksiyasını daşıyan dövlət qurumlarının rəhbərlərinə müşavir təyinatı sahəsində “canlanma” hiss olunmaqdadır: elə qurumlar var ki, rəhbərinin 4-5 müşaviri var.

Qeyd edək ki, müşavir - məsləhətçi, məşvərətçi deməkdir. Müşavir xidmətindən istifadə dünyanın əksər ölkələrində mövcuddur. Əsasən dövlət rəhbərlərinin çoxsaylı müşavirləri olur. Bu təcrübə ABŞ-da geniş tətbiq olunur: prezidentin çoxsaylı məsələlər üzrə müşavirləri var. Həmin müşavirlərin kifayət qədər böyük heyətdən ibarət işçi aparatı, hətta öz müavinləri də var. ABŞ-da həmçinin dövlət katibinin, Pentaqon rəhbərinin də müşavirləri olur, onların da xeyli sayda işçidən ibarət aparatları fəaliyyət göstərir.

Nazirlik səviyyəsində çoxsaylı müşavir vəzifəsinin olduğu ölkələr də var. Lakin həmin ölkələrdə müşavirlərin sayı 3-dən yuxarı olmur. Azərbaycanda da xeyli müddət dövlət müşaviri vəzifəsi olub. Vəzifə uzun müddət boş qaldıqdan sonra 2017 ilin oktyabrında ləğv olunub.

Maraqlıdır ki, qanunvericilikdə müşavirlərin sayı barədə hansısa tələbə rast gəlinmir. Buna görə də nazirliklər, komitə və agentliklərdə rəhbərlərin çoxsaylı müşavirləri təyin edilir. Hətta elə qurumlar var ki, rəhbərdən əlavə, aparat rəhbərinin də müşaviri postu təsis edilib.

Son illərdə Azərbaycanda hansısa yüksək vəzifədən alınan şəxslərin digər qurumda müşavir postuna təyinatı praktikası geniş yayılıb. Bir agentlikdən, komitədən rəhbər vəzifədən çıxarılan şəxsi digər qurumun rəhbəri özünə müşavir təyin edir. Məsələn, bir neçə il əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri postundan çıxarılan Elman Rüstəmov baş nazirin müşaviri təyin edilib. Nazirlər Kabineti aparatının strukturuna baxsaq, baş nazirin müşaviri vəzifəsi sıralamada müavinlər, kabinetin bütün şöbə müdirlərindən sonra gəlir. Müşavir yalnız baş nazirin köməkçilərindən üstün vəzifə kimi təsnif edilib.

Ölkə mətbuatında bu praktika tənqid olunur. Məsələn, “Bakı-Xəbər” qəzeti bildirir ki, müavinlik institutunu anlamaq olar, bəs müşavir postları nəyə görə yaradılır, bunların funkisiyası nədən ibarətdir: “Nazirliyin və ya agentliyin aparatında bütün şöbələr varsa, orada müşaviri saxlamağın nə mənası var? Aparat varsa, müşavir nə iş görür və yaxud əksinə? Dövlət qulluğunda yüksək vəzifələrdən vurulanları son vaxtlar başlayıblar nazirliklərdə müşavir təyin etməyə. İllərlə nazir işləyən vəzifəli şəxsi pensiyaya çıxandan sonra kiməsə müşavir göndərirlər. Kifayət qədər vəzifə tutmaq istəyən enerjili gənclərimiz var, vəzifə gözləyirlər. Əgər işləmək lazımdırsa, onları təyin edə bilərlər.

Niyə pensiyaçılara belə görəv verilməlidir? Sadəcə, həmin şəxslərə kabinet, pul, xidməti maşın verirlər, o da heç bir iş görmür, havayı maaş alır. Bu, israfçılıq deyilmi"?

“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev qəzetə bildirib ki, doğrudan da son dövrlər müşavirlərin sayı nazirlərin sayından dəfələrlə çox artıb, bu da cəmiyyətdə suallar doğurur: “Mən onun tərəfdarıyam ki, dövlət idarəçiliyində varislik qırılmasın. Daha təcrübəli, başqa yüksək vəzifədə uzun müddət çalışmış insanlar bilik və bacarığını digərlərinə ötürməklə bir körpü rolunu oynasınlar. Bu baxımdan müşavirlər institutu uğurlu bir təsisatdır. Amma bu vəzifələrdə daha təcrübəli, bacarıqlı, qabiliyyətli, fəaliyyəti dövründə özünü sübut etmiş kadrlar olmalıdır. Bu həm də onların potensiallarından istifadə etmək üçün imkanlar yaradır”.

Dövlət qurumlarının heç birinin internet saytında müşavirlərin hansı işə baxdığına dair məlumat yerləşdirilməyib. Lakin qanunvericiliyə nəzər salsaq, nazirlik, komitə, agentlik və digər dövlət qurumlarında müşavir təyinatı Nazirlər Kabinetinin 2017-ci ildə qəbul etdiyi “1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ndə nəzərdə tutulur. Həmin sənədə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə vəzifə təlimatları Nazirlər Kabinetinin müəyyən etdiyi Ümumi Şərtlərə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə razılaşdırmaqla, müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən qəbul edilir. 1-5-ci kateqoriya dövlət orqanlarına mərkəzi icra hakimiyyəti funksiyalarını icra edən dövlət qurumları aiddir. Müşavir vəzifəsi isə inzibati vəzifələrin təsnifatında 4-cü kateqoriyaya daxil edilib.

Adıçəkilən sənəd müşavir vəzifəsi üçün təhsil və iş təcrübəsinə dair tələbləri müəyyən edir. Vəzifə təlimatlarını isə hər bir qurum DİM-lə razılaşdırmaqla təsdiqləyir. Məsələn, bir neçə il əvvəl DİM-lə razılaşdırılmaqla ekologiya və təbii sərvətlər nazirinin müavirinə qoyulan tələblər müəyyən olunub. Vəzifə təlimatları adlı sənədə əsasən müşavirin vəzifəsi nazirin həvalə etdiyi müvafiq sahəyə funksional nəzarəti həyata keçirmək; Nazirin həvalə etdiyi müvafiq sahənin inkişafı istiqamətində zəruri tədbirlər görmək; Müvafiq sahə üzrə nazirin xüsusi tapşırıqlarını yerinə yetirmək; Nazirliyin fəaliyyətinin istiqamətləri, prioritetlər və dövlət ekoloji siyasətinin əsas prinsipləri üzrə nazirin tapşırığı əsasında işlərin yerinə yetirilməsinə nəzarət etmək; Nazirin həvalə etdiyi sahələr üzrə mövcud vəziyyəti ümumiləşdirmək, onların fəaliyyətini təhlil etmək və mütəmadi olaraq nazirə məlumat vermək; Nazirin tapşırığı əsasında həvalə olunmuş sahələr üzrə işlərin yerinə yetirilməsinin forma və metodlarını, həmçinin normativ hüquqi əsaslandırmalarla bağlı təkliflər hazırlamaq; Qəbul edilmiş qərarlar üzrə gözlənilən pozitiv və neqativ nəticələr barədə naziri məlumatlandırmaq; Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnaməyə uyğun olaraq ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunmasına dair qrşıya qoyulmuş vəzifə və öhdəliklərin icrası ilə bağlı nazirə elmi metodiki köməklik göstərmək; Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirməkdən ibarət olmalıdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri postuna vakant yerə verilən iş elanında da DİM-lə razılaşdırılmış tələblər qoyulub. Onlara əsasən müşavir Sədr tərəfindən verilən xüsusi tapşırıqların yerinə yetirilməsini təmin etmək; Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq onun inkişafı və təkmilləşdirilməsi ilə bağlı təklif vermək; Verilən tapşırıqların vaxtında və düzgün icra edilməsinə nəzarət etmək və yaranmış problemlər haqqında rəhbərliyə vaxtında məlumat vermək; Sədrin göstəriş və tapşırıqlarına müvafiq olaraq, Komitənin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində və təhlilində iştirak etmək; Sədrin tapşırığı ilə Komitənin şöbələrinin və digər qurumlarının iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə Sədrə yazılı və ya şifahi şəkildə məruzə etmək; Unikal bina və qurğuların memarlıq-planlaşdırma həllərinin razılaşdırılmasının həyata keçirilməsində iştirak etmək; Öz səlahiyyətləri daxilində müvafiq sahədə qanunvericiliyin tələblərinə uyğun standart, norma və qaydaların hazırlanmasında və normativ sənədlərinə rəy verilməsinə nəzarət etmək; Sədrə lazım olan məlumatları Komitənin şöbələrindən və qurumlarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək; Komitə rəhbərliyinin müvafiq sərəncamları ilə yaradılmış komissiyalarda memarlıq-planlaşdırma həllərinə aid məsələlərin yoxlanılmasında iştirak etmək; Sədrin göstərişi ilə müşavirin səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək və s. işləri yerinə yetirməlidir.

Yuxarıda qeyd edilənlər bir müşavir postunda olacaq şəxsin vəzifə təlimatıdır. Çoxsaylı müşavirlər olan qurumlarda bu vəzifələrin necə bölüşdürüldüyü maraq doğurur. Təəssüf ki, çoxsaylı müşavirlər olan qurumların internet saytlarında bu bölgüyə dair hər hansı məlumat, ümumiyyətlə, müşavir vəzifəsində olan şəxslərlə bağlı informasiya yoxdur.

Maraqlıdır ki, özəl şirkətlərdə də rəhbər şəxslərə müşavir təyin edilir. Məsələn, özəl bir bankda İH sədrinin müşaviri vəzifəsinə qoyulan tələblər ali iqtisad təhsili və bank sistemində ən az 7 illik (5 il rəhbər vəzifədə) iş təcrübəsinin olması; Tədqiqat aparmaq üzrə formalaşmış bacarıq; Rəhbərlikdə və kollektivdə işləmək səriştəsi; Analitik təhliletmə qabiliyyəti; Dəqiq planlaşdırma, ciddi nəzarət etmək qabiliyyəti; İnsanlarla tez ünsiyyət qura bilmək bacarığı; Strateji düşünmə və hərəkətetmə qabiliyyəti; Yaradıcılıq, təşəbbüskarlıq və məsuliyyətlilik kimi müəyyən olunub. Vəzifə təlimatları isə bankın fəaliyyət spesifikasına uyğun müəyyənləşdirilib.

Onu da qeyd edək ki, iki aya yaxındır dünya bazarında Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətləri kəskin ucuzlaşıb. Beynəlxalq analitik mərkəzlərə görə, mövcud qiymət konyukturu uzunmüddətli xarakter alacaq. Bu isə Azərbaycanda digər sahələrlə yanaşı, dövlət aparatında da xərclərə qənaət olunması baxımından səmərəliliyin artırılması, məmur heyətinin optimallaşdırılması istiqamətində çağırışlar formalaşdırır. Bu çağırışlar funksional əhəmiyyətə malik olmayan, yaxud təkrarçılıq yaradan vəzifələrin ixtisar olunmasını da ehtiva edir. Hazırda ABŞ kimi dünyanın ən güclü dövlətində belə dövlətin maliyyə yükünü azaltmaq üçün idarəetmə aparatında ciddi ixtisarlara gedilir. Ümumilikdə dövlət aparatında 121 min ştat ixtisar olunub. Azərbaycanda da dövlət qurumlarının, dövlətə məxsus şirkətlərin rəhbər heyətində vəzifələrin optimallaşdırılmasına çox ciddi ehtiyac var. Bu, xərclərə qənaət, həmçinin həmin qurumların fəaliyyətində keyfiyyətin artırılması prinsipi ilə həyata keçirilməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər