
Obraz siyasətçi xarakterinin ən mühüm atributudur. Lider məhz onun vasitəsilə öz siyasi addımlarının məqsədyönlülüyünü, ardıcıllığını, idarəçilik manerasını, fəaliyyət üslubunu, bir sözlə, xarizmasının ən kamil cəhətlərini nümayiş etdirir, xalqa, cəmiyyətə, seçicilərinə çatdırır, onları inandırır və öz ardınca aparır. Bu mənada, siyasi obrazın parlaqlığı, bütövlüyü fəaliyyətdə olan Prezident üçün əhəmiyyət kəsb edir. Siyasi obraz əsl siyasətçilərə xas kateqoriyadır. Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqına nəinki yaxşı tanışdır, həm də ona son dərəcə doğmadır. Çünki bu obraz yalnız bir şəxsə, bir siyasətçiyə, bir dövlət xadiminə şamil olunmaqla qalmır, Heydər Əliyev siyasi obrazı Azərbaycan dövlətçilik şüurunun, bütöv bir idarəçilik məktəbinin, daha geniş götürdükdə isə müasir Azərbaycan ictimai-siyasi fikrinin davamlı keyfiyyətlərini əks etdirir.
Tarixilik - Heydər Əliyev siyasi şəxsiyyətinə sarsılmaz və əlahiddə cazibədarlıq verən xüsusiyyətdir, desək, yəqin ki, səhv etmərik. O, həqiqətən də, tarixi şəxsiyyətdir. “Heydər Əliyev Azərbaycanın dünəni, bu günü və sabahıdır”.
Heydər Əliyev siyasi obrazının ikinci ən mühüm əlaməti, onun səmimiliyidir. İstər sovet dövründə, istərsə də dövlət müstəqilliyimizin bərpasından sonra o, misli görünməmiş bir səmimiyyətlə Azərbaycan xalqının tərəqqisi, müasir dünyanın mədəni və demokratik dəyərlərinə tapınan millətlərin cərgəsinə qoşulması üçün gecəli-gündüzlü gərgin əmək sərf etmişdir. Heydər Əliyevin səmimiyyəti Onun obrazının daha iki səciyyəvi əlaməti - ideyalılığı və təmənnasızlığı ilə əlaqədardır. Azərbaycan ideyası, xalqın və Vətənin durmadan irəliləyişi, fasiləsiz inkişafı konsepsiyası Onun həyat kredosudur. Quruculuq Heydər Əliyev siyasi obrazının başqa bir parlaq əlamətidir. Bu əlamətin əyani təzahürləri müasir Azərbaycanın istənilən bölgəsində silinməz maddi izlər buraxmışdır. Bunlar elə nişanələrdir ki, əlavə şərhə ehtiyac duymur, özləri özlərini təbliğ və təlqin edirlər. Heydər Əliyev siyasi obrazında fədakarlıq, cəsurluq, inadkarlıq, prinsipiallıq kimi xüsusiyyətlər də mühüm yer tutur. Bunlar siyasi xadimin şəxsi-iradi keyfiyyətləri içərisində ən yüksək dəyərləndirilən sifətlərdir.
Azərbaycan xalqı yaddaşına müdrik lider, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunan Ulu Öndərlə fəxr etməkdə haqlıdır və gələcək nəsilləri onun şəxsiyyəti timsalında tərbiyə etməyə mənəvi haqqı var.
Osman Azadoğlu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Tehsil-press.az