Kəmaləddin Heydərov İbrahim Yumaklı ilə görüşdü - Video

Kəmaləddin Heydərov İbrahim Yumaklı ilə görüşdü - Video Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan nazir K.Heydərov İbrahim Yumaklını Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb.
Fövqəladə hallar naziri xatırladıb ki, ölkələrimizin liderləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyi və siyasi iradəsi sayəsində iki qardaş ölkə arasında hərtərəfli əlaqələr ən yüksək səviyyəyə çataraq, strateji müttəfiqlik müstəvisində uğurla inkişaf edir.
Nazir diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin verdiyi siyasi-mənəvi dəstək, həmçinin 2021 və 2022-ci ilin yayında Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə zamanı, habelə bu ilin fevral ayında qardaş ölkədəki dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə işlərində Azərbaycanın göstərdiyi həmrəylik ölkələrimiz arasında münasibətlərin sıx və sarsılmaz olduğunun əyani sübutudur.
K.Heydərov Fövqəladə Hallar Nazirliyinin strukturu və əsas fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib, ölkədə fövqəladə hallarla mübarizə sahəsində görülən işlərdən danışıb. Nazir iki qurum arasında meşə yanğınları ilə mübarizə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib.
Səmimi görüşə görə təşəkkür edən Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı qardaş ölkədə baş vermiş fövqəladə hadisələr, o cümlədən cari ilin fevral ayındakı dağıdıcı zəlzələ zamanı Azərbaycan tərəfindən göstərilmiş hərtərəfli dəstəyi xatırladıb. O, ölkələrimiz arasında mövcud yüksək səviyyəli münasibətlər çərçivəsində meşə yanğınları ilə mübarizə istiqamətində iki qurum arasındakı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən türkiyəli nazir müvafiq sahədə əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.
Görüşdə qarşılıqı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.
Görüşdən sonra türkiyəli nazir FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.



Tehsil-press.az

Oxşar xəbərlər