Xaçatryanın məhkəməsi keçirilir

Xaçatryanın məhkəməsi keçirilir Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç 32 ildən sonra hakim qarşısına çıxarılır.
Tərəflərin və digər şəxslərin rahat iştirakını təmin etmək məqsədi ilə proses müasir şəraitli Yasamal Rayon Məhkəməsində keçirilir. Cinayət işini Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrlik etdiyi hakimlər heyəti araşdırır.
Azərbaycan eynilə Vətən müharibəsi dövründə həbs edilən şəxslərin mühakiməsi kimi bu dəfə də qanunun aliliyini əsas götürərək, təqsirləndirilən şəxsin hüquqlarının təmin edilməsi üçün lazımı şərait yaradıb.
Vaqif Xaçatryan ittiham aktı ilə tanış olub, dövlət tərəfindən peşəkar vəkil və tərcüməçi ilə təmin edilib.
Bugünkü iclasda işə mahiyyəti üzrə baxılmır. Qarşıdakı dəqiqələrdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək, ilkin dinləmələr keçiriləcək.
Qeyd edək ki, V.Xaçatryan 1991-ci ilin dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətmə ittihamı ilə beynəlxalq axtarışa verilmişdi. O, bu ilin iyulunda Azərbaycan sərhədçiləri tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
İttihama görə, Xaçatryanın üzv olduğu cinayətkar dəstə Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Qeyd olunan əməllərə görə ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı - hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə - əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.
***
Məhkəmə başlayıb.

Tehsil-press.az



Oxşar xəbərlər