Prezident Rəcəb Tayyib Ərdoğan: Məqsədimiz Türk Əsrinin qurulmasıdır

Prezident Rəcəb Tayyib Ərdoğan: Məqsədimiz Türk Əsrinin qurulmasıdır Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Gənclik Fondunun (TÜGVA) 2023 Təşkilat Toplantısında mühüm açıqlamalar verib. ABŞ-ın Qəzzanı bombalayan İsrailə dəstək üçün Şərqi Aralıq dənizinə hərbi gəmilər göndərməsinə reaksiya verən Ərdoğan, "Sizin kimi bir ölkənin sülhü bərqərar etməsi uyğundur, yoxsa benzinlə ora getmək uyğundur?" deyib.
Prezident Ərdoğanın çıxışından diqqət çəkən məqamlar bunlardır: "Türkiyə Gənclik Vəqfimiz 81 vilayətdə təmsilçiləri, yataqxanaları, gənclik mərkəzləri ilə ölkəmizin qürur duyduğu qurumlardan biridir. Gənclərimizin üçün görülən işləri yüksək qiymətləndirirəm.
Biz ölkəmizdə seçki prosesini uğurla başa vurmuşuq. Cümhuriyyət tarixinin ən kritik seçkilərindən biri kimi tarixə düşən seçkiləri həqiqətən də müstəsna şəraitdə, rekord iştirak nisbəti ilə keçirdik. Siyasətdə heç vaxt görmədiyimiz çirkin sövdələşmələrin şahidi olduq. Nə dedilər, 6 masa dedilər, lazım olsa 16 masa, 1600 masa dedilər. Nə 6, nə 16, nə də 1600-cü masalar qurulmayıb. Onlar haradadırlar, yoxa çıxdılar. Bu arada bizə dəstək olan bütün gənclərə təşəkkürümü bildirirəm. Siz seçki qutusunda bizi dəstəklədiniz. Biz sizə xidmət etməyə davam edəcəyik.
Məqsədimiz Türk Əsrinin qurulmasıdır. Biz bunun üçün infrastruktur yaratmışdıq və ölkəmizdəki çatışmazlıqları böyük ölçüdə tamamlamışdıq. İndi Türkiyə Yüzyılının şüarı ilə bunu başqa bir mərhələyə keçirdirik. Biz kabinetimizi buna uyğun yaratdıq. Millət vəkili, partiya rəhbərliyimizi buna uyğun təyin etdik.
Müxalifətin yeganə narahatçılığı öz kreslolarını qorumaqdır. Aydın məsələdir ki, gənclərin pulu ilə dolananların gündəmində ölkə, millət kimi mövzular yoxdur. Biz həyatın hər sahəsində gənclərimizə yer yaratmaq üçün mübarizə aparmışıq və etməyə də davam edirik. 2023-cü ildə TÜBİTAK təqaüd proqramlarımızla 26 min 632 bakalavr, magistr və doktorantura tələbəsinə 730 milyon lirə dəstək köçürdük. Beynəlxalq Astronavtika Konqresi 2026-cı ildə Antalyada olacaq. Bu gün Rusiya-Ukrayna müharibəsi 595-ci gününü keçir. Suriyadakı qardaşlarımız 12 ildir ki, kimisi daxildə, kimisi başqa ölkələrdə çətin şərtlər altında həyata dirənir, sülh və əmin-amanlıq həsrətindədir. Bir tərəfdən separatçı terror təşkilatının hücumları, digər tərəfdən isə rejimin bombardmanları nəticəsində milyonlarla məzlum insan həyatda qalmaq üçün mübarizə aparır. Qardaş coğrafiyalarda qeyri-sabitlik və gərginlik hökm sürür.
Biz məzlumları kimliyindən asılı olmayaraq müdafiə etməyi, qan tökülməsinin, göz yaşı və qırğınların qarşısını almağı, kimdən olursa olsun, təzyiqlərə, təhdidlərə boyun əyməməyi, məzlumlar və bütün bəşəriyyət qarşısında başlıca vəzifəmiz kimi görürük. Əsrlər boyu ədalətdən dönməyən bir xalq olaraq İsrail-Fələstin gərginliyinə münasibətimiz bu istiqamətdədir. Hazırda Qəzzada su, çörək, yemək yoxdur. Bunlar Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə ziddir. Qərb haradadır? Onların gördüyü hər hansı ehtiyat tədbirləri varmı? Xeyr... Qəzzada qardaşlarıma qarşı qırğına bərabər olan hücumların heç bir izahı ola bilməz.
İndi nə deyirlər? «Amerika bir təyyarə gəmisi göndərir, ikinci təyyarə gəmisi də gələcək» Ay Amerika, Amerika hara, Aralıq dənizi-İsrail-Fələstin hara? Siz orada nə edirsiniz? ABŞ kimi bir ölkəyə sülh yaratmaq uyğundur, yoxsa ora benzinlə getmək?
Biz regionun nüfuzlu aktyorlarını kimisə kor-koranə dəstəkləmək əvəzinə gərginliyi azaltmağa çağırırıq.
360 kvadrat kilometr ərazidə yaşayan 2 milyon Qəzzalının elektrik, su, yanacaq və ərzaqdan kəsilməsi nə humanistlikdir, nə də müharibə qanununda yer tutur.

Tehsil-press.az



Oxşar xəbərlər