BDU-nun Hüquq fakültəsinin nümayəndə heyəti Avropa İnsan Hüquqları Məhkəməsində

BDU-nun Hüquq fakültəsinin nümayəndə heyəti Avropa İnsan Hüquqları Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin müəllim-tələbə heyətinin Strasburq şəhərində - Avropa Şurasının mənzil-qərargahında təlim səfəri davam edir.
Səfərin üçüncü gününün birinci yarısı Avropa Şurasının İnsan hüquqları təlimi bölməsinin rəhbəri Eva Pastrana qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair HELP kursu haqqında tələbələrə məlumat verib və kursa qeydiyyat qaydasını izah edib.
Sonra Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığının Azərbaycan üzrə məsləhətçisi Furkat Tishayevin mühazirəsi dinlənilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Müzakirə zamanı Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərin qeyd-şərtsiz azad edilməsinə dair müvafiq qətnamələrinin olmasına baxmayaraq, Ermənistanın işğalı nəticəsində 30 ilə yaxın müddətdə davam edən zorakılıqlara və beynəlxalq hüquq normalarının pozuntusuna Azərbaycan özü son qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT Nizamnaməsinə uyğun olaraq, beynəlxalq humanitar hüquq normaları gözlənilməklə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olunub. Ermənistanın işğal dövründə ərazilərimizi viran qoyduğunu, yerlə-yeksan etdiyini diqqətə çatdıran dekan bütün infrastrukturun, tarixi, dini, mədəni abidələrin dağıdıldığını deyib. Qeyd olunub ki, respublikamızın konstitusiya quruluşunun bərpa edilməsi, qanunsuz silahlı birləşmələrin və terrorçu qüvvələrin zərərsizləşdirilməsi məqsədilə bu il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda beynəlxalq hüquq normalarına və milli qanunvericiliyə uyğun olaraq lokal xarakterli antiterror tədbirləri həyata keçirən ordumuz bir gün ərzində uğurlu qələbəyə imza atıb və dövlət suverenliyimiz tam şəkildə bərqərar olunub. Azərbaycan Respublikasının həyata keçirdiyi bütün əməliyyat və tədbirlər beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə, beynəlxalq humanitar hüququn əsas müddəalarına uyğun şəkildə həyata keçirilib. Bölgədə uzunmüddətli sülhün təmin edilməsi üçün Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının da məsələyə obyektiv yanaşması önəmlidir.
Zaur Əliyev Ermənistanın hələ də minalanmış ərazilərin dəqiq xəritələrini təhvil verməməsini azərbaycanlıların yaşamaq hüququna qəsd kimi qiymətləndirərək, İnsan Hüquqları üzrə Komissarın insan hüquqlarının kobud pozuntusu ilə müşayiət olunan bu cür ciddi məsələyə münasibət bildirməsi üçün müraciət edib.
Komissarlığın nümayəndəsi qeyd olunanların ciddi narahatlıq doğurduğunu etiraf edərək bu məsələni Komissarın diqqətinə çatdıracağını bildirib.
Günün ikinci yarısında Hüquq fakültəsinin müəllim və tələbə heyəti Avropa İnsan Hüquqları Məhkəməsində olub, Azərbaycandan seçilmiş hakim Lətif Hüseynov və qardaş Türkiyədən seçilmiş hakim Saadet Yüksellə görüşüb. Tələbələr hakimlərin mühazirələrini dinləyiblər. Görüş hakimlərin öz təcrübəsindən olan məhkəmə presedentləri haqqında məlumat verməsi və tələbələrin suallarını cavablandırması ilə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər