BDU-da Milli Qurtuluş Gününə və Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 illiyinə həsr olunan tədbir keçirilib

BDU-da Milli Qurtuluş Gününə və Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 illiyinə həsr olunan tədbir keçirilib Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Milli Qurtuluş Gününə və Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 30 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq: milli qurtuluşdan müasir inkişafa doğru” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Hüquq fakültəsinin dekanı Zaur Əliyev tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün əhəmiyyətini, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan xilası və davamlı inkişafın təməllərinin qoyulduğunu diqqətə çatdırıb. Z.Əliyev qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Vətən müharibəsində parlaq Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub, beləliklə də Azərbaycanı bütöv görmək istəyən ulu öndər Heydər Əliyevin ən böyük arzusu həyata keçirilib.
Tədbirdə, eyni zamanda, Zaur Əliyev Azərbaycan və UNESCO arasında əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, ölkəmizin iştirakçısı olduğu bütün beynəlxalq platformalarda dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində etibarlı tərəfdaşa çevrildiyini bildirib. Ölkəmizin UNESCO ilə əməkdaşlığının inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın misilsiz xidmətlərini xüsusi vurğulayan Z.Əliyev işğaldan azad edilmiş ərazilərimizdəki abidələrin mənşəyindən asılı olmayaraq bərpasının dövlətimiz üçün prioritet təşkil edən məsələlər sırasında yer aldığını və bu sahədə Heydər Əliyev Fondunun böyük layihələr icra etdiyini diqqətə çatdırıb.
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, professor Lətif Hüseynov “Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində təhsil hüququ”, Milli Məclisin deputatı, professor Nizami Səfərov “Müharibə zamanı mədəni sərvətlərin qorunması rejiminin pozulması: müharibə cinayəti və ya mədəni soyqırımı?”, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Eltay Aslanov “Azərbaycan Respublikası ilə UNESCO arasında əməkdaşlığın başlıca istiqamətləri”, Avropa Şurasının Bakı Ofisinin nümayəndəsi Pərvanə Bayramova “Avropa Şurasının Hüquq fakültəsi ilə əməkdaşlığı”, Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov “Mübahisələrin alternativ həlli yeni trend kimi: BDU-nun Hüquq fakültəsinin mediasiya islahatlarında rolu”, Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli “Təhsil beynəlxalq münasibətlərdə yumşaq güc aləti kimi: Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığı”, Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Elnur Aslanov “Azərbaycan Respublikasının daxili işlər orqanları və beynəlxalq təşkilatlar: əməkdaşlığın perspektivləri”, Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri professor Əmir Əliyev “İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının fəaliyyətinin əsas istiqamətləri”, Hüquq fakültəsinin Hüquq klinikasının rəhbəri, hüquq üzrə elmlər doktoru Turqay Hüseynov “Azərbaycan və Avropa İttifaqı: inkişaf perspektivləri”, Hüquq fakültəsinin IV kurs tələbəsi, Tələbə elmi cəmiyyətinin sədri Ceyhun Xəlilov “Tələbə elmi cəmiyyətinin Hüquq fakültəsinin inkişafında rolu” mövzularında məruzə ilə çıxış etdilər.
Tədbirin sonunda iyunun 6-8-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilmiş Beynəlxalq Humanitar Hüquq üzrə məhkəmə müsabiqəsində birinci yerə layiq görülmüş Hüquq fakültəsinin IV kurs tələbələri Məryəm Atakişiyeva, Röya Məlikzadə və Kənan Qayıbov Hüquq fakültəsinin dekanı Zaur Əliyev tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

Tehsil-press.az


Oxşar xəbərlər