ADNSU Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə əməkdaşlığı genişləndirir

ADNSU Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə əməkdaşlığı genişləndirir Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
İmzalanma mərasimində ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə əməkdaşlığın təkcə universitet üçün deyil, həmçinin ölkə üçün ixtisaslı mütəxəssislərin hazırlanması baxımından əhəmiyyət daşıdığını deyib. O, Azərbaycan dövləti tərəfindən həyata keçirilən və yüksək inkişafa hədəflənmiş bir sıra sahələrdə, xüsusilə də işğaldan azad edilmiş torpaqlarda bərpa olunan enerji mənbələrinin yaradılması və təkmilləşdirilməsində yüksəkixtisaslı kadrların hazırlanmasının universitet qarşısında prioritet məsələ kimi diqqətdə olduğunu bildirib.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətlərindən, o cümlədən ölkədə bərpa olunan və yaşıl enerji üzrə görülən işlər və həyata keçirilən layihələrdən danışıb.
İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq və abadlıq işləri ilə yanaşı, bərpa olunan enerji mənbələrindən istifadənin reallaşdırıldığını söyləyən C.Abdullayev ADNSU ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edib. O, əməkdaşlığın elmi-tədqiqat sahələrinin inkişafına, elmi-nəzəri və praktiki tədqiqatların aparılmasına, tədris-metodiki vəsaitlərin hazırlanmasına və təlim-tədris proseslərinə töhfə verəcəyini bildirib.

Tehsil-press.az




Oxşar xəbərlər