UNEC-in qalib olduğu “REFRESH” layihəsinin təqdimatı keçirilib

UNEC-in qalib olduğu “REFRESH” layihəsinin təqdimatı keçirilib UNEC-də Avropa Komissiyasının “Erasmus+” proqramının KA2 (Ali təhsildə bacarıqların artırılması) fəaliyyət növü üzrə qalib olduğu “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası - REFRESH)” layihəsinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov layihə barədə məlumat verib. Bildirib ki, ümumi dəyəri 703 min avro olan “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır. Layihə 3 il müddəti əhatə edir və konsorsiumu 6 yerli, 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtalyanın Bolonya Universiteti, İsveçin Royal Texnologiya Universiteti, Danimarka Texniki Universiteti) və qeyri-hökumət təşkilatı olmaqla, 15 tərəfdaşdan ibarətdir. Rektor layihənin Azərbaycanın dayanıqlı inkişafına mühüm töhfələr qazandıracağından əminliyini ifadə edib.
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko yaşıl iqtisadiyyat və bərpa olunan enerji mənbələrinin dünyada prioritet istiqamətlərdən olduğunu diqqətə çatdıraraq, UNEC-in koordinatoru olduğu layihəni bu baxımdan yüksək qiymətləndirib. Həmçinin universitetlərin bu cür layihələrdə iştirakının əhəmiyyətli olduğunu, ölkə üçün yeni kadrların hazırlanmasında mühüm rol oynayacağını vurğulayıb. “Erasmus+” proqramının büdcəsinin 30 milyard avro olduğunu qeyd edən səfir ölkə universitetlərini layihələrdə fəal iştirak etməyə çağırıb.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bərpa olunan enerji və yaşıl iqtisadiyyatın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində yer aldığını və yaşıl enerji istehsalının genişləndirilməsinin ölkəmiz üçün mühüm məsələlərdən olduğunu bildirib. UNEC-in bərpa olunan enerji və yaşıl iqtisadiyyatla bağlı önəmli layihələr həyata keçirdiyini yüksək qiymətləndirən C.Abdullayev bu istiqamətdə universitetə Agentlik tərəfindən zəruri dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.
“Erasmus+” Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov isə layihənin əhəmiyyətindən danışıb, eləcə də “Erasmus+” proqramı çərçivəsində universitetlərlə əməkdaşlıq barədə məlumat verib. O, “Erasmus+” layihəsinə region üzrə müraciət edən ölkələr arasında ən yüksək faizin Azərbaycan universitetləri olduğunu bildirərək, bunu sevindirici hal adlandırıb.
Sonra layihənin tərəfdaşı olan yerli ali təhsil müəssisələrinin rektorları layihənin ölkənin sosial-iqtisadi inkişafı, bərpa olunan enerji sahəsində milli kadr hazırlığı, tədqiqatların aparılması, region universitetlərin inkişafı istiqamətindəki mühüm rolundan danışıblar.
Tədbir yerli və Avropa İttifaqının tərəfdaş universitetlərinin nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrlə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər