“Maaş ayın axırına çatmır, deputatların çoxu kreditdədir”

“Maaş ayın axırına çatmır, deputatların çoxu kreditdədir” “Nə 12-ci, nə 13-cü əməkhaqqı var. Ancaq deputatın aylıq əməkhaqqısıdır. İldə 3 dəfə mükafat alırdıq, bunlar da ləğv olundu”.
Bu fikirləri deputat Siyavuş Novruzov Müsavat TV-nin canlı efirində bildirib.
Deputatların əməkhaqlarından danışan millət vəkili əlavə edib ki, onlar hazırda təxminən 5 min manata yaxın maaş alırlar: “Bu maaş da tək bizim deyil. Gündə nə qədər insan qəbul edirik. Biri dərman puluna, biri yemək puluna, biri təhsilhaqqına gəlir. Elə olur ki, heç maaş ayın axırına çatmır. Milli Məclisin deputatlarından hamısı biznesmen, iş adamı deyil ki. Eləsi var kirayədə yaşayır, kirayəhaqqını çatdıra bilmir. Deputatların əksəriyyəti kreditdədir”.
S. Novruzov, eyni zamanda prezident seçkiləri haqda da fikirlərini ifadə edib. Onun sözlərinə görə, bir il qabaqdan artıq partiyaların namizədləri hazır olmalıdır: “Bəziləri gözləyir ki, gəlib onlarla məsləhət olmalıdır: seçkiyə gedək, ya getməyək? Nə qədər ziyalı, siyasi partiya rəhbəri cənab Prezidentə səs verəcəklərini, namizəd olmayacaqlarını bildirirlər. Biri isə durub deyir ki, mən müxalifətəm. Ə, sənə bu adı Dədə Qorqud verib, Nuh peyğəmbər verib? Sən hardan oldun müxalifət? Kim verib sənə bu adı, vərəsəliklə olur? Bu 90-cı illərin fikirləri, rəyləri idi ki, bəs filan partiya iştirak etməsə, demokratik seçki olmayacaq.
Seçim xalqın, seçicinin deyil? Kim iştirak etmək istəyir, meydan açıqdır. Bu gün namizədliyini irəli sürməyən partiya sədrlərindən heç biri 30 ildə namizədliyini irəli sürməyib. Tural Abbaslını keçirəm, yaşı çatmayıb. Digərləri amma iştirak edə bilərdi, hansında iştirak ediblər? Ona görə də deməsinlər ki, bunda da namizədliyimizi verməyəcəyik. Çünki qorxublar, güclərinə bələddirlər. Bizim tam dəqiq məlumatımız var ki, bəzi partiya sədrləri bəzi ölkələrin səfirləri ilə görüşdükdən sonra seçkilərdə iştirak etməmək qərarı verdilər.
Prezident İlham Əliyev 90 %-dən çox səs toplayacaq. Digər 20 namizəd də 1 %-i bölüşdürərlər aralarında. Zahid Oruc da namizədliyini irəli sürə bilər. Buyursun, öz gücünü sınasın. Düşünürəm ki, o, 0,1 % səs toplayacaq (gülür)”.

Tehsil-press.az




Oxşar xəbərlər