Öldürdüyü vəzifəli qadının dəfninə gedibmiş...

Öldürdüyü vəzifəli qadının dəfninə gedibmiş... 2008-ci ildə Gəncə şəhər sakini, 1940-cı il təvəllüdlü Nəzərli Nadejda Dmitriyevnanı qətlə yetirən şəxslərin məhkəmə prosesi başa çatıb.
İllər sonra üstü açılan cinayət hadisəsinə görə 1986-cı il təvəllüdlü Salayev Seymur Mehman oğlu və dostu Qirin Şəhriyat Usaməddin oğluna hökm oxunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, hər iki şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nəzərli Nadejda Dmitriyevna Azərbaycanda Rus İcmasının qərb bölgəsi üzrə nümayəndəliyinin sədr müavini olub. Şəhriyat Qirin isə onun köməkçisi kimi fəaliyyət göstərib.
Cinayət hadisəsinə gəlincə, adıçəkilən şəxslər Nadejda Nəzərlinin evinə daxil olub külli miqdarda pul və qızıl-zinət əşyalarını talamaqla bağlı razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşiblər. Onlar 13 may 2008-ci il tarixdə qadının yaşadığı evin qarşısına gəlib mərhumu aldadaraq evinə daxil olub, qarşılıqlı söhbət edən zamanı planlaşdırdıqları özgənin əmlakını talama cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə Şəhriyat Qirin iki əli ilə Nadejda Nəzərlinin ağzından tutub özünə doğru çəkmiş, Seymur Salayev isə üzərində olan bıçaqla onun boğaz nahiyəsinə çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürüb.
Qadını öldürdükdən sonra, cinayətkarlar evdə axtardıqlarını tapa bilməyiblər.
Maraqlıdır ki, Şəhriyat Qirin heç kimdə şübhə yaratmamaq üçün keşişin köməkçisi kimi o, da Nəzərli Nadejdanın dəfnində iştirak edib, dualar oxuyub.
Xatırladaq ki, cinayət hadisəsinin üstü Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 2021-ci ilin avqustunda açılıb.

Tehsil-press.az




Oxşar xəbərlər