Görkəmli alim, bacarıqlı elm təşkilatçısı

Görkəmli alim, bacarıqlı elm təşkilatçısı Bu gün görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, akademik Mahmud Kərimovun anım günüdür. Azərbaycanda fizika elminin inkişafında Mahmud Kərimovun mühüm xidmətləri olub. O, geniş elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin inkişafına dəyərli töhfələr verib.
Görkəmli alimin anım günündə onun həyat və fəaliyyətinin müxtəlif məqamlarına nəzər salaq.
Mahmud Kərimov 1948-ci ildə İrəvan şəhərində dünyaya göz açıb. 1966–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində təhsil alıb, 1975–1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun aspiranturasında oxuyub.
1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışan M.Kərimov 1974–1984-cü illərdə Radiasiya Tədqiqatları Sektorunda elmi işçi, laboratoriya rəhbəri vəzifələrində işləyib, 1984–2001-ci illərdə isə həmin sektorun direktoru olub.
O, nüvə və radiasiya təhlükəsizliyi sahəsində elmi-texniki problemlərin həlli baxımından respublikamız üçün böyük əhəmiyyət kəsb edən radioekologiya və radiasiya materialşünaslığı istiqamətlərində də tədqiqatlar aparıb. Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işbirliyi quraraq radiasiya tədqiqatlarına dair bir neçə mühüm layihədə respublika alimlərinin fəal iştirakını təmin edib.
M.Kərimov 2001-2013-cü illərdə AMEA-nın prezidenti olduğu müddətdə elm təşkilatçısı kimi ölkəmizdə elmin inkişafında dərin iz qoyub. Ömrünün 40 ilini Azərbaycan elminin inkişafına həsr edən alimin araşdırmalarının nəticələri ölkəmizdə və xaricdə nəşr edilmiş 200-ə yaxın elmi əsərdə öz əksini tapıb. Onun elmi yenilikləri çoxsaylı patent və müəlliflik şəhadətnamələri ilə rəsmiləşdirilib. Alim mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib.
MDB ölkələri və türkdilli dövlətlərin atom enerjisindən sülh məqsədilə istifadəsi üzrə komissiyalarının üzvü olan Mahmud Kərimov Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi dövlət qurumları və ali təhsil müəssisələrində elmi-tədqiqat proseslərinin səmərəli əlaqələndirilməsi prosesinə də mühüm töhfə verib. Akademikin rəhbərliyi altında 8 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanıb.
Mahmud Kərimovun zəngin elmi və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilib və o, müxtəlif orden və medallara layiq görülüb.
Görkəmli alim Mahmud Kərimovun əziz xatirəsi daim ürəklərdə yaşayacaq.

Tehsil-press.az


Oxşar xəbərlər