Akademik Həsən Abdullayev Azərbaycanda yarımkeçiricilər fizikası sahəsində məktəb yaradıb

Akademik Həsən Abdullayev Azərbaycanda yarımkeçiricilər fizikası sahəsində məktəb yaradıb Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini qoyub, bu sahənin inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib. Fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdıran alim uzun illər ərzində Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti kimi respublikada elmin təşkili işinə mühüm töhfələr verib, ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasında təqdirəlayiq fəaliyyət göstərib.
Akademik Həsən Abdullayevin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salaq.
Həsən Abdullayev 1918-ci il avqustun 20-də Culfa rayonunun Yaycı kəndində anadan olub. O, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirib, 1948-ci ildə fizika üzrə elmlər namizədi, 1954-cü ildə elmlər doktoru dərəcəsini, 1957-ci ildə isə professor elmi adını alıb. 1955-ci ildə AEA-nın müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü seçilib. 1957-1993-cü ilədək Fizika İnstitutunun direktoru, 1970-ci ildən 1983-cü ilədək Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifələrində çalışıb.
Azərbaycanda bərk cisim fizikası məktəbinin banisi akademik Həsən Abdullayev Naxçıvan, Gəncə və Şəki elmi mərkəzlərinin yaradılmasının təşəbbüskarı olub. Görkəmli alim onlarca elmlər namizədi və doktoru yetişdirərək respublikamızda və onun hüdudlarından kənarda Azərbaycan yarımkeçiricilər fizikası məktəbinin nəyə qadir olduğunu sübuta yetirib. O, nailiyyətlərinə görə 1971-ci ildə akademik S.Vavilov adına qızıl medalla təltif olunub. Azərbaycan dilində ilk elmi kitabın (1952-ci il), 20-dən çox monoqrafiyanın, 500-dən çox ixtiranın, onlarca dərsliyin, mindən çox elmi məqalənin müəllifi olan Həsən Abdullayevin iki ixtirası ABŞ-da və Fransada patent alıb.
Görkəmli elm xadimi müasir Azərbaycan elminin tarixində yarımkeçiricilər fizikası sahəsində dəyərli tədqiqatlar aparıb və özündən sonra bu işi uğurla davam etdirən onlarca istedadlı fiziki birləşdirən məktəb yaradıb. Bu məktəbin yetirmələrinin yarımkeçiricilər fizikası sahəsində əldə etdiyi elmi nəticələr dünyanın məşhur alimləri tərəfindən təsdiqlənib. Azərbaycanın istedadlı fizikləri və mütəxəssisləri bu məktəbin yetirmələri olublar.
Akademik Həsən Abdullayev ötən əsrin 1970-1980-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ümummilli strateji vəzifələrin, o cümlədən elmi quruculuq işlərinin həyata keçirilməsində AEA-nın prezidenti kimi ən fəal mövqedə duran şəxslərdən biri olub. O, bu elm mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi, akademiya institutlarında fundamental tədqiqatların genişləndirilməsi, elmi nəticələrin nəzəri cəhətdən yüksək səviyyədə işlənməsi ilə yanaşı, respublikanın müxtəlif təbii sərvətlərinin daha dərindən öyrənilməsi və elmin iqtisadi səmərəsinin artırılmasına yönəldilən kompleks tədqiqatlara da üstünlük verib. H.Abdullayev tükənməz enerjisi, məqsədyönlü fəaliyyəti ilə daim gənclərə örnək olub. O, ixtisasından asılı olmayaraq gənc alimlərin fəaliyyəti ilə həmişə maraqlanıb, onlara qayğı, maddi və mənəvi yardım göstərilməsini özünə borc bilib. Alim ömrünün 50 ilindən çoxunu yarımkeçiricilər fizikasına və biofizikaya həsr edib, bu sahə üzrə yüksək elmi kadrlar hazırlayıb.
Dünyaşöhrətli alim 1993-cü il sentyabrın 1-də ömrünün 75-ci baharında Bakıda vəfat edib. Akademik Həsən Abdullayevi tanıyanlar onu parlaq şəxsiyyət, görkəmli alim kimi daim xatırlayırlar.

Tehsil-press.az





Oxşar xəbərlər