Memarlıq və İncəsənət İnstitutunda sənətşünas alim Kərim Kərimovun 100 illiyi qeyd olunub

Memarlıq və İncəsənət İnstitutunda sənətşünas alim Kərim Kərimovun 100 illiyi qeyd olunub AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda görkəmli sənətşünas alim Kərim Kərimovun 100 illiyi ilə bağlı elmi sessiya keçirilib.
Tədbiri açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan milli sənətşünaslıq məktəbinin banilərindən olan K.Kərimovun yaradıcılıq yolundan danışıb. Akademik XX əsr sənətşünaslıq elminin inkişaf etdirilməsi və dünyaya tanıdılmasında görkəmli alimin böyük xidmətləri olduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov K.Kərimov haqqında xatirələrini bölüşüb. O, sənətşünas alimin ictimaiyyət arasında böyük şəxsiyyət, xeyirxah, vətənpərvər və humanist insan kimi tanındığını qeyd edib.
Tədbirdə çıxış edən Memarlıq və İncəsənət İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Kərim Kərimovun tədqiqatlarında ikonoqrafiya problemi” mövzusunda məruzə edib. O bildirib ki, ikonoqrafiya problemi alimin araşdırmalarında əsas yer tutub.
İnstitutun şöbə müdiri akademik Zemfira Səfərova, elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov, sənətşünaslıq üzrə fəlsəfə doktorları Tahir Bayramov və Günay Qafarova sənətşünas alimin yaradıcılığından söz açıblar.
K.Kərimovun yaxın qohumlarından olan Əməkdar incəsənət xadimi Nazim Kazımov onun haqqında xatirələrini bölüşüb.

Tehsil-press.az

Oxşar xəbərlər