ADA Universitetində “Dayanıqlı bağçılıq sistemləri” mövzusuna həsr olunmuş birgə sertifikat proqramı fəaliyyətə başlayıb

ADA Universitetində “Dayanıqlı bağçılıq sistemləri” mövzusuna həsr olunmuş birgə sertifikat proqramı fəaliyyətə başlayıb ADA Universitetində “Dayanıqlı bağçılıq sistemləri” mövzusuna həsr olunmuş birgə sertifikat proqramının açılışı keçirilib.
İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Bolonya Universiteti ilə birgə “MacFrut” Akademiyasının dəstəyi ilə keçirilən proqram üç moduldan ibarətdir.
Azərbaycan və İtaliyanın kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən müxtəlif qurumlar arasında dialoq platforması rolunu oynayır.
İlk modul 19-23 fevral 2024-cü il tarixlərində Bakıda, ADA Universitetində beş gün davam edəcək.
Aidiyyəti sektorda çalışan peşəkarlar üçün keçiriləcək bu təlimdə istehsalat, hökumət və akademik dairələrin nümayəndələri bir araya gələrək yerli kiçik və orta müəssisələrin aktual problemləri və çağırışlarına cavab tapmaq üçün fikir mübadiləsi aparacaq. Proqram müddətində iştirakçılara cari qlobal tendensiyalar və qabaqcıl beynəlxalq təcrübələrdən dərslər çıxarmaq və onları yerli kontekstə uyğunlaşdıraraq problemlərin müasir həllərini axtarmaq üçün təlim keçiriləcək.
Proqram zamanı tədqiqatçılar və beynəlxalq mütəxəssislərlə seminarlar, Azərbaycan və İtaliyada bağçılıq üzrə ixtisaslaşmış istehsalçılar arasında işgüzar görüşlər, o cümlədən peşəkar seminarlar keçiriləcək. Modulun sonuncu günündə, 23 fevral tarixində “MacFrut” sərgisinin tərəfdaşlığı, “Caspian Agro” və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə ilə Azərbaycan və İtaliyan şirkətlərin qoşulacağı İtaliya-Azərbaycan Bağçılıq sərgisi baş tutacaq.
Proqramın növbəti modulları aprel və may aylarında keçiriləcək.
İkinci, yəni onlayn modul zamanı iştirakçılar nəzəri biliklərlə yanaşı, “MacFrut” sərgisi tərəfindən hazırlanmış aqro-qida sahəsində ən qabaqcıl texnologiya və tərcübəyə dair materiallar ilə tanış olacaqlar. Son modul olan Bolonya modulu İtaliyada təşkil olunan “MacFrut” sərgisi ilə eyni tarixlərdə keçiriləcək. Modulun son iki günü proqram iştirakçıları bu sərgiyə giriş əldə edəcək və sərgi çərçivəsində onlar üçün hazırlanmış xüsusi proqramdan yararlanacaqlar. "MacFrut" ilə bu əməkdaşlıq faydalı işgüzar əlaqələrin qurulması, həmçinin kənd təsərrüfatı sektorunda olan şirkətlərin məhsul və xidmətlərinin təkmilləşdirilməsi üçün bir imkandır.
Qeyd edək ki, ADA Universiteti və Bolonya Universitetinin birgə təsis etdiyi yeni “Kənd təsərrüfatı və qida elmləri fakültəsi”nin fəaliyyət istiqamətlərindən biri bu sektorda çalışan peşəkarlar üçün qısa müddətli kursların təşkilidir. Bu gün fəaliyyətə başlayan “Dayanıqlı bağçılıq sistemləri” proqramı bu istiqamətdə keçirilən ikinci proqramdır.
Xatırladaq ki, bu istiqamətdə ilk proqramı ötən il “Kənd təsərrüfatı və qida sisteminin idarə olunması” mövzusunda təşkil olunub.

Tehsil-press.az



Oxşar xəbərlər