“The Washington Post” Putinin Ermənistanı silahlandırmasının 3 səbəbini tapdı

“The Washington Post” Putinin Ermənistanı silahlandırmasının 3 səbəbini tapdı Bu ilin fevral ayında Rusiya Ermənistana «MiG-29» döyüş təyyarələri, digər silahlar göndərib. Habelə Moskva Yerevana 200 milyon dollarlıq silah krediti ayırıb. Ermənistan Rusiyanın müttəfiqi və Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin üzvüdür. Ancaq Rusiya son aylar Ermənistanla daha çox məşğul olur.

«The Washington Post» qəzetində Samuel Ramani bunun səbəblərini araşdırıb. Müəllifin fikrincə, Moskvanın 3 məqsədi var:
1) Ermənistanla ittifaq Türkiyə hökumətini qorxutmağı, onun ətrafındakı halqanı daraltmağı hədəfləyən daha böyük strategiyanın bir hissəsidir. Rusiya daha bir təyyarəsinin Ankara tərəfindən vurulmasını önləməyə çalışır. Putin Türkiyə sərhədi boyunca əsgərlərini yerləşdirir. Daha bir səbəb Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini mütəmadi qızışdırmaqdır. Rusiyanın hərbi dəstəyi Yerevanı buna cəsarətləndirmiş olur. Digər tərəfdən, Azərbaycan Türkiyənin müttəfiqidir. Ermənistana hərbi dəstəyi artırmaqla Rusiya Türkiyənin Qafqaz strategiyasını zəiflədir, özünün regional dövlət mövqeyini gücləndirir.
2) Digər səbəb Rusiyanın Suriyada Assad rejimini dəstəkləməsidir. Rusiya, Ermənistan və BƏƏS Suriyası Türkiyəyə qarşı ittifaqdadır. Türkiyə 2011-ci ildən Assad-a qarşı çıxan üsyançıların tərəfini saxlayır. Suriyada 120 min erməni yaşayır və Yerevan bu ölkəylə sıx diplomatik münasibətlər qurub. Assad ötən ilin noyabrında «France-Presse» agentliyinə müsahibəsində «erməni soyqırımı»nı tanıdığını söyləyib.
3) Rusiya Yerevanda rejim dəyişikliyinə qarşıdır. Rusiyanın regiondakı digər iki müttəfiqi – Belarus və Qazaxıstan Qərblə ticarəti artırır. Ancaq Ermənistanın ən böyük ticarət tərəfdaşı Rusiyadır. Ermənistan 2013-cü ildə Avropa Birliyinin assosiasiya təklifindən imtina etdi və Avrasiya Birliyinə getdi. Ancaq bu qərar prezident Sargsyan-ın siyasi mövcudluğunu Rusiyadan daha da asılı etdi. Moskvanın hərbi yardımı artırması Sargsyan-ın kütləvi etirazları yatırmaq qabiliyyətini gücləndirmiş olur.
Müəllif yazır ki, Ermənistanda rejim dəyişikliyi Rusiyanın Cənubi Qafqazda təkbaşına qalmasıyla sonuclanar və rusların ölkənin böyük dövlət statusu barədə təsəvvürünə kölgə salar. «Rusiya-Ermənistan tərəfdaşlığının güclənməsi Qafqazda, Yaxın Şərqdə və postsovet məkanında sabitlik və təhlükəsizliyə dərin təsir gücünə malikdir. Bu geosiyasi məsələ nisbətən az araşdırılıb. Suriyada münaqişə həll olunmayıb, Rusiyanın Türkiyə ilə əlaqələri gərgin dönəm yaşayır. Belə bir dönəmdə Ermənistan rejimi Rusiyanın iqtisadi və hərbi yardımından görünməmiş dərəcədə faydalanmaqdadır»-müəllif yazır. 

tehsil-press.az

Oxşar xəbərlər