Ailəsini qətlə yetirən Əhməddən XƏBƏR VAR

Ailəsini qətlə yetirən Əhməddən XƏBƏR VAR Psixiatriya Xəstəxanasına yerləşdirilmiş caninin psixi durumu haqda ziddiyyətli bilgilər var

Bakıda ailəsinin 5 üzvünü vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun ruhi xəstə olub-olmadığını müəyyən etmək üçün təyin edilmiş ekspertizanın rəyi hələ açıqlanmayıb.

Bu haqda açıqlama verən Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov deyib ki, müvəkkili barəsində ekspertizanın rəyini gözləyirlər. Vəkil rəyin konkret neçə günə veriləcəyini deməyib.

Bəs bu müddətdən sonra nəticə nə ola bilər? Orada o, özünü yalandan dəliliyə vura bilərmi? Yaxud onun arxasında durduğu iddia olunan kimlərsə ona "dəlilik kağızı" düzəldə bilərmi? Gözlənti nədir? Belə fikir də səslənib ki, o, təkbaşına 5 nəfəri öldürə bilməz. Bu və digər məqamlarla bağlı tanınmış psixoloq Azad İsazadə "Yeni Müsavat"a açıqlamasında bildirmişdi ki, ekspertiza Əhməd Əhmədovun anlaqlı olub-olmamasını müəyyən etməlidir. Onun anlaqsız olması, ruhi xəstəliyinin varlığı, hadisəni affekt vəziyyətində törədə bilib-bilməməsinə də ekspertiza cavab verməlidir.

Azad İsazadə bildirmişdi ki, 1 nəfərin ayrı-ayrı ünvanlarda yaşayan 5 nəfəri bir neçə saat içində öldürməsinin mümkün olub-olmaması ekspertizanın rəyindən sonra məlum olacaq: "Birmənalı olaraq məhkəmə bu halda ekspertizanın rəyi əsasında qərar verəcək. Əhməd Əhmədovun vəkilləri rəylə razı olmasalar, məhkəmə təkrar ekspertizanın keçirilməsi qərarını da verə bilər. Ekspertizanın rəy verməsinə rəğmən, əlbəttə ki, son qərarı məhkəmə verəcək".

Qeyd edək ki, istintaqı Xətai Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə aparır. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur: "Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq tibbi stasionara yerləşdirilir.

Yada salaq ki, ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. TV Müsavat istintaq orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, Əhməd Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib. Mənbəmiz deyir ki, Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. "Ailə üzvlərini niyə öldürmüsən?" sualına cavabda isə Əhməd Əhmədov "Ailəmi öldürdüm, çünki belə lazım idi" söyləyib.

Hazırda Psixiatriya Xəstəxanasına yerləşdirilmiş Əhməd Əhmədovun psixi durumu haqda ziddiyyətli bilgilər var. Əhməd Əhmədovun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı yekun ekspert rəyindən sonra bilinəcək. Əhməd Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar söyləyir ki, Əhməd Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə hamısında şübhələr yaranıb. Belə ki, Əhməd Əhmədov affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir. Bu arada hazırda Əhməd Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək. İsintaq zamanı Əhməd Əhmədov qətllərlə bağlı detallar danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib. "Balta ilə, bıçaqla vurmuşam" deyərək, əlavə təfərrüat da verməyib. Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin altındakı mağazadan satın alıb.

Hazırda istintaq davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər