Baş nazirin iki müavini təqaüdə gedir

Baş nazirin iki müavini təqaüdə gedir Yaqub Eyyubov və Əli Əhmədovun yaş senzi ilə əlaqədar vəzifələrindən ayrılacağı gözlənilir; ekspert: “Yeni kadrlarla yanaşı, təzə bir sistem olmalıdır”

Fevralın 7-da keçirilən prezident seçkisindən sonra hökumətin tərkibində ciddi dəyişikliklərin olacağı gözlənilsə də, bu ehtimallar özünü doğrultmadı. Kabinetin yalnız 2 üzvü – ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vəzifəsini itirdi. F.Məmmədovun 69, M.Qurbanlının isə 70 yaşı var.

İki yaşlı məmurun vəzifədən getməsi hökumətdə təmsil olunan və pensiya yaşına çatmış digər kabinə üzvlərinə də tezliklə “yaşıl işıq” yandırılacağına dair versiyaların ortaya çıxmasına səbəb olub.

Bildirilir ki, hazırda kabinənin 5 üzvü pensiya yaşına çatıb. Amma onlardan hələlik ikisinin – baş nazirin birinci müavini Yaqub Eyyubovun və baş nazirin müavini Əli Əhmədovun yola salınması məqsədəuyğun sayılıb. Pensiya yaşına çatmış digər kabinet üzvlərinin isə hələ bir müddət hökumətdə təmsil olunacağı gözlənilir. Baş nazirin digər müavini Şahin Mustafayevdir, lakin onun hələ 58 yaşı var.

Onu da deyək ki, Ə.Əhmədov son prezident seçkisində hakim partiyanın namizədinin səlahiyyətli nümayəndəsi olaraq çıxış edirdi. Y.Eyyubova gəlincə, 2003-cü ildən bu postdadır. Hər iki məmuru kimlərin əvəzləyəcəyi haqda müfəssəl məlumatlar yoxdur. Lakin NK-da onlardan yaşlı üzvlərə də rast gəlmək olmur. Bu mənada Eyyubovla Əhmədovun pensiyaya göndəriləcəyi istisna edilmir. Doğrudur, NK-nın tərkibi yeni təsdiqlənib, amma yaş senzi ilə əlaqədar adıçəkilən şəxslər yola salına bilər. Ümumiyyətlə, bu dəyişikliklər nəyi ehtiva edir? Buna zərurət varmı? Prezident yanvarda TV-lərə verdiyi müsahibədə ölkədə yeni dövrün başlayacağı haqda açıqlama vermişdi. Müşahidəçilər hesab edir ki, yeni dövr həm də yeni kadrlarla özünü göstərməlidir.

REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərlinin bildirdiyinə görə, Nazirlər Kabinetinin funksiyaları haqda müzakirələrə ehtiyac var. N.Cəfərli ABŞ-da NK olmadığını xatırladaraq qeyd edir ki, orada prezident respublikasıdır, Azərbaycanda da eyni modeldir: “Lakin bizdə Nazirlər Kabinetinin iclaslarını da prezident keçirir, nazirləri və müavinlərini də özü təyin edir. Yəni bu qurumun funksionallığı tam aydın deyil. Hələ də dəqiqləşməyib ki, Nazirlər Kabinetinin funksional olaraq işləri nədən ibarətdir. Sanki arabanın “beşinci təkəri” kimi görünür. Ona görə də ilk növbədə Nazirlər Kabinetinin funksionallığı dəqiqləşməlidir”. N.Cəfərli bu mənada son vaxtlar gedən referendum müzakirələrinin yekunda reallaşmasını zəruri sayır: “Məncə, bunun vaxtı yetişib. Referendumla Nazirlər Kabinetinin məsuliyyəti və funksionallıq yeri bilinməlidir. Məsələn, ötən il ölkədə inflyasiya oldu. Bəlli deyil ki, bunun məsuliyyətini Nazirlər Kabineti də daşıyırmı, hansısa izahat verməlidirlərmi… Bu məsələ hələ də aydın deyil. Odur ki, publik olaraq həmişə bu mövzunu bildiririk. Yəni Nazirlər Kabinetinin funksiyaları dəqiqləşməli, ölkənin sosial-iqtisadi məsələlərinin həllində iştirak yeri bilinməlidir. Misal üçün, prezident kəşfiyyat, ordu, xarici siyasət, Nazirlər Kabinetinin təsdiqlənməsi ilə məşğul olur, kabinə isə sosial-iqtisadi məsələlərə məsuliyyət daşıyır, hesabatlı olur… İndiki sistemdə isə qurumun yeri bəlli deyil. Ona görə də yeni kadrlarla yanaşı təzə bir sistem olmalıdır”.

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin sözlərinə görə, idarəetmədə yanaşma dəyişməlidir. Onun fikrincə, seçkidən sonra komandada böyük ölçüdə dəyişiklik olmasa da, yeni dövrün başladığı elan olunub. S.Əsədli təklif edir ki, NK-nın funksionallığı və hesabatlılığı artırılsın: “Əgər yeni dövrün başlandığı bəyan olunubsa, o halda idarəçilikdə kreativlik, innovativlik olmalıdır. Hakimiyyət sosial-iqtisadi sistemə, yerli idarəetmə orqanlarına, bələdiyyə sahəsinə yenidən baxmalıdır. Nazirlər Kabinetinin iki üzvünün pensiyaya getməsi ilə məsələlər həllini tapmır, baxış dəyişməlidir”.

Tehsil-press.az

Oxşar xəbərlər