Binəqədi rayonunda ağacları qırıb yerinə beton tökdülər

Binəqədi rayonunda ağacları qırıb yerinə beton tökdülər Bakının bir çox rayonunda olduğu kimi Binəqədi rayonu ərazisində yaşıllıqlara qənim kəsiliblər. Yeni inşa edilən obyektlərin qarşısındakı ağaclıqlar “maneə” yaratdığı üçün ağacları kökündən çıxarıb yerinə beton tökürlər. Günün gündüz çağı, hər kəsin gözü önündə aparılan bu işləri hamı görür, ancaq Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi görmür. Tribunainfo.az xəbər verir ki, sözügedən ərazidə yaşayan sakinlərin sözlərinə görə, metronun “Azadlıq prospekti” stansiyasının çıxışında yeni açılacaq bir obyektin qarşısında təzə əkilmiş ağaclar məhv edilib.

Sakinlərdən biri obyektdə təmir gedən vaxt ağacların kəsiləcəyi ehtimalını nəzərə alaraq şəkillər şəkib. O, bu gün həmin ağacların kökündən məhv edildiyinin şahidi olub.

“Bu gün görürəm ki, yeni əkilmiş küknar və zeytun ağacları artıq yerində yoxdur. Lap əvvəl kola bənzər ağac da var idi. O da getdi. Kökündən çıxarıb yerinə beton töküblər. Gözdən kənar qalmış ərazi də deyil, yol kənarıdır, hərəkətli yoldur. Yəni bu işi kimsə gizlin edə bilməz. Kimsə həyətində bir ağacı budayan kimi Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi xəbər tutub gəlib cərimə yazır. Bəs ağacların yerinə beton tökən obyekt sahibini niyə görmür? Niyə vaxtında tədbir görmürlər?”.

Narazı sakinlərin problemlə əlaqədar aidiyyəti qurumlara müraciət etdiyi də bildirilir. Ancaq onların sözlərinə görə, heç bir tədbir görülməyib.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Tehsil-press.az

Oxşar xəbərlər