Azərbaycanda bələdiyyələrin yeganə səlahiyyətli olduğu yer bilindi – QƏBİRİSTANLIQLAR

Azərbaycanda bələdiyyələrin yeganə səlahiyyətli olduğu yer bilindi – QƏBİRİSTANLIQLAR Əksər ölkələrdə bələdiyyələr ölkə həyatında mühüm rol oynayır. Ötən gün qardaş Türkiyədə bələdiyyə seçkiləri keçirildi. Azərbaycanda da maraqla izlənən bu siyasi yarışın necə demokratik şəraitdə keçirildiyi, Türkiyədə bələdiyyə institutunun önəmli yer tutduğu bir daha göründü.

1999-cu ildə Azərbaycanda bələdiyyə institutu yaradılan zaman çox adam bu qurumun ciddi rola malik olacağına ümid edirdi. Lakin ölkədə bələdiyyələrlə bağlı vəziyyət ürəkaçan deyil. Belə ki, onlar icra hakimiyyətlərinin əlavəsi kimi fəaliyyət göstərməyə başlayıblar. Əsas işləri vaxtilə torpaq satmaqdan ibarət olsa da, bu gün satmağa torpaq da yoxdur. Bu səbəbdən göstərəcəkləri xidmətin konkret sahəsi məlum deyil.

Ölkədə gedən islahatlar paketinə bələdiyyə institutlarının da daxil ediləcəyi, bu sahənin rolunun artırılacağı gözlənirmi?

Mövzunu şərh edən siyasi elmlər doktoru, professor, deputat Elman Nəsirov deyib ki, Türkiyədə keçirilən bələdiyyə seçkiləri sözün əsl mənasında qardaş ölkədə demokratiyanın ən yüksək səviyyədə inkişaf etdiyinin göstəricisi oldu.

Azərbaycanda bələdiyyələrin yeganə səlahiyyətli olduğu yer bilindi – QƏBİRİSTANLIQLAR

Elman Nəsirov

Deputatın sözlərinə görə, ümumiyyətlə, demokratiya bir prosesdir və burada son nöqtə yoxdur:

“Lakin Türkiyə bütün dünyaya bir daha nümayiş etdirdi ki, “bu sahədə Türkiyə Avropa standartlarına uyğun gəlmir” kimi yanaşma tamamilə qərəzlidir və heç bir halda həqiqəti əks etdirmir. Türkiyədə keçirilən bələdiyyə seçkiləri Avropa ölkələri üçün də bir nümunədir. Əslində, Avropa yox, Türkiyə seçkilərin keçirilməsi standartlarını müəyyən edib. Avropa Türkiyədən dərs almalıdır.

Azərbaycana gəldikdə isə bəli, bələdiyyə institutu bizdə 1999-cu ildə formalaşıb. Bu ilin dekabr ayında növbəti bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir. Azərbaycan bələdiyyə institutu ilə Türkiyə arasında müqayisə aparmaq belə mümkün deyil. Çünki Türkiyədə oturuşmuş bir bələdiyyə institutu mövcuddur və öz profilinə müvafiq olaraq çox böyük işlər həyata keçirir. Orada bələdiyyələrin cəmiyyətdə çox böyük nüfuzu var”.

Deputatın sözlərinə görə, Türkiyədə hər bir seçici fərqindədir ki, bələdiyyəyə layiqli insan seçilərsə, onun çoxsaylı problemlərinə də dəstək vermiş olacaq:

“Təəssüf ki, eyni fikirləri Azərbaycanla bağlı söyləmək mümkün deyil. Azərbaycanda bələdiyyə institutu ilə bağlı ciddi dəyişikliklərin olacağı gözlənilir. Artıq parlamentdə də bununla əlaqədar qanun layihəsində dəyişikliklər nəzərdə tutulub və ilkin oxunuşdan da keçib. Bələdiyyə sayı çox olsa da, keyfiyyətində problemlər var. Azərbaycanda 1606 bələdiyyə var ki, yeni qanun layihəsi təsdiqləndikdən sonra onların sayının təxminən 500-ə qədər düşəcəyi gözlənilir. Əsas hədəf sayının azaldılması, keyfiyyətin artırılmasıdır”.

E.Nəsirov deyib ki, Türkiyə təcrübəsinin öyrənilməsi və onun Azərbaycanda tətbiqi olduqca uğurlu bir praktika ola bilər:

“Türkiyənin bu sahədə böyük təcrübəsi var. Biz də bundan faydalansaq, nəticədə ölkəmizdə bələdiyyələrin ictimaiyyətdə “torpaq satan orqan” kimi tanınma statusu aradan qaldırılmış olar. Təəssüf ki, bəzi bələdiyyələrin atdığı addımlar nəticəsində onların hamısını torpaq satan kimi qələmə verirdilər. Hədəf də odur ki, formalaşmış fikirlər bələdiyyələrin üzərindən atılsın, bələdiyyələr sözün həqiqi mənasında faydalı bir instituta çevrilsin və insanların üzləşdiyi sosial problemlərin həllinə böyük töhfə versin. Təbii ki, bunu bütün bələdiyyələr haqqında söyləmək olmaz. Bizim yaxşı, fəal, işgüzar bələdiyyələrimiz də var. Amma onların sayı o qədər çox deyil. Hər halda, Türkiyə təcrübəsinin tətbiq edilməsi olduqca faydalı olar və bunun üçün də artıq müvafiq qanunvericilik bazası daha da təkmilləşdirilir. Yaxın günlərdə bununla bağlı yeni qanun layihəsinin qəbul ediləcəyi gözlənilir”.

Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, bələdiyyə institutunun Azərbaycanda yaxşı işləməsi üçün mütləq qanunvericilik bazasının təşkil olunması lazımdır:

Azərbaycanda bələdiyyələrin yeganə səlahiyyətli olduğu yer bilindi – QƏBİRİSTANLIQLAR

İqbal Ağazadə

“Qanunvericilik bazasında bələdiyyə institutunun imkanları və səlahiyyətləri olduqca zəif və bərbad vəziyyətdədir. Buna görə də, bələdiyyəyə maraq yoxdur. Faktiki olaraq bizdə bələdiyyələr icra strukturundan asılı bir qurum, onun sifarişlərini yerinə yetirən orqandır. Təsəvvür edin, bələdiyyə institutunun yeganə sərbəst qərar verə biləcəyi yerlər qəbir torpaqlarıdır, başqa heç nə. Onlar başqa heç bir sahədə sərbəst qərar verə bilmirlər. Hətta Bakı şəhərində elə rayonlar, ərazilər var ki, bələdiyyənin torpaq fondu yoxdur. Onun torpaq fondu yoxdursa, bələdiyyə büdcəni necə formalaşdıracaq? Necə sərəncam verəcək?”

Partiya sədri deyib ki, ümumiyyətlə, bələdiyyə institutu köklü şəkildə dəyişməlidir:

“Məişət, iaşə sahələri, kommunal xidmətlərin hamısı bələdiyyələrə verilməlidir ki, büdcələri formalaşsın. Yol, şəhər nəqliyyat infrastrukturu hamısı bələdiyyənin tərkibində olmalıdır. Bunlar bələdiyyə tərkibində olduqdan sonra bələdiyyəyə maraq da olacaq. Yoxsa seçki bələdiyyəyə niyə maraq göstərsin ki?! Bələdiyyə sədrlərindən başqa ora seçilən adamları tanıyan yoxdur heç. Çox nadir hallarda tanıyan olar… Çünki bu orqan icra hakimiyyətindən asılıdır. Buna görə də, əvvəl qanunvericilik bazası dəyişməli, bələdiyyələrin səlahiyyətləri artırılmalı, icra strukturunun səlahiyyətləri azaldılmalıdır. Bunlar baş verdikdən sonra bələdiyyələrlə bağlı danışmaq mümkündür”./globalinfo.az/

Tehsil-press.az

Oxşar xəbərlər