Sarkisyan köhnə oyunu Qarabağa tətbiq edir

Sarkisyan köhnə oyunu Qarabağa tətbiq edir Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv fəaliyyətə başlayıb. Yayılan məlumatlara görə, birbaşa Vladimir Putin şəxsən bu məsələni nəzarətə götürüb. Rəsmi Bakı da yaxın günlərdə V. Putinin “həll variantları” ilə bağlı danışıqlara başlanacağını bəyan edib. Sergey Lavrovun sabah İrəvana Qarabağla bağlı “Putin planı”nı apardığı deyilir.
Ümumi mənzərə belə görünür ki, Rusiya Ermənistanı münaqişənin həlli üçün güzəştə məcbur edir və ilkin mərhələdə işğal olunmuş Qarabağ ətrafı rayonlar boşaldılmalıdır. Ermənistan mediası da İrəvanda Qarabağın boşaldılmasına hazırlıq prosesinin başladığına dair məlumatlar yayır. Misal üçün, “armenianreport” saytı Sarkisyanın Dağlıq Qarabağa səfərinin də məhz bu məqsədə xidmət etdiyini yazıb.
“Aprelin 21-də Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana gələcək və Qarabağın nizama salınması üzrə “hiyləgər planı” təqdim edəcək. Bu planda Qarabağın Ermənistandan alınaraq Azərbaycana verilməsi var. Dağlıq Qarabağa gedən Serj Sarkisyan da ərazilərin qaytarılması ilə bağlı məsələni yerli komandanlıqla müzakirə edib. Güman ki, Sarkisyan hərbiçilərə yaxın günlərdə geri çəkilməklə bağlı təlimat verib və əhalinin çıxarılması məsələsini müzakirə edib”, - deyə sayt bildirib.
Ermənistanın “Joxovurd” qəzeti isə Serj Sarkisyan Qarabağın qaytarılması ilə bağlı yaxın günlərdə xalqa müraciət edəcəyini yazıb: “Ermənistan və Azərbaycan mediasında Vladimir Putinin münaqişənin həllini birbaşa nəzarətə götürməsi haqda məlumatlar yazırlar. Gözləntilərə görə, yaxın günlərdə aktiv danışıqlar başlanacaq. Məlumatlar var ki, Serj Sarkisyan Dağlıq Qarabağa da buna görə səfər edib və ərazilərin qaytarılması məsələsini müzakirə edir. Yaxın günlərdə Sarkisyanın bununla bağlı xalqa müraciət edəcəyi gözlənilir”.
Görünür, Lavrov sabah özü ilə İrəvana “Qarabağın qaytarılması” planını gətirir və planın icrası ilə bağlı Ermənistan rəhbərliyinə diktə edəcək. Bu informasiyalar fonunda Ermənistandakı daxili vəziyyət diqqət çəkir. Məlumata görə, sabah İrəvanda Lavrovu etiraz aksiyası ilə qarşılayacaqlar. Saat 18:30-da başlanacaq etiraz yürüşü Xarici İşlər Nazirliyinə və Rusiyanın İrəvandakı səfirliyinə qədər davam edəcək.
Yürüşün təşkilatçılarının etiraz bəyanatı bir sıra müddəalardan ibarətdir. Burada həmin müddəaların dolayısı ilə İrəvan rejiminin mövqeyini ilə üst-üstə düşdüyü diqqət çəkir. Misal üçün, “Qarabağın müstəqilliyi tanınmalıdır”, yaxud, “Azərbaycana torpaq qaytarılmayacaq” kimi müddəalar bunu deməyə əsas verir. Hansı ki, Ermənistan rəhbərliyi də indiyə qədər bunu deyib.
Bu gün “Kommersant” nəşrinə danışan İrəvandakı yüksək vəzifəli mənbə də bildirib ki, onlar Dağlıq Qarabağın müstəqilliyinin tanınması prinsipindan əl çəkməyəcəklər.
“Ermənistan tərəfi Rusiya vasitəçiliyi ilə daha əvvəl nail olunmuş razılığın müzakirəsinə qayıtmağa hazırdır. Qarabağ ətrafındakı rayonlar qaytarılır. Lakin Dağlıq Qarabağın müstəqilliyinin tanınması şərti ilə. Biz bunu zəmanət olaraq irəli sürürük. Çünki rayonlar qaytarıldıqdan sonra Azərbaycan Qarabağda mövcud hakimiyyəti iki saat ərzində devirəcək və heç kim buna müdaxilə edə bilməyəcək. Ona görə də biz heç vaxt Qarabağın müstəqilliyinin tanınması şərtindən geri çəkilməyəcəyik”, - deyə İrəvandakı mənbə bildirib. (http://publika.az/p/133219).
Proseslərin inkişafı və mediaya sıxan məlumatlar burada diqqəti iki məsələyə yönəldir:
1. Kreml həqiqətən də münaqişənin həlli ilə bağlı plan tərtib edib və bu plana görə, Ermənistan işğal etdiyi əraziləri boşaltmalıdır. Bu Dağlıq Qarabağ olmasa da, ilkin mərhələdə ətraf rayonlardır. Lakin indiyə qədər Moskva İrəvana bunu sadəcə tövsiyə edirdisə, indi diktə edir.
2. Kremlin diktəsinə qarşı çıxa bilməyən İrəvan rejimi erməni xalqının “etiraz aksiyasını” təşkil edərək sonuncu imkana əl atır. Sarkisyan “elektromaydan” aksiyalarında olduğu kimi indi də eyni ssenari üzərində oynayır. (http://publika.az/p/99139). Ermənilərin Lavrova qarşı “Qarabağdan əllərini çək” şüarı ilə aksiyasını təşkil etməklə Rusiyaya “xalq münaqişənin həlli prinsiplərindən narazıdır” mesajını verir. Bu, həm İrəvanın münaqişənin həlli ilə bağlı Rusiyanın irəli sürdüyü prinsiplərinə qarşı çıxa bilmədiyini, həm də bu prinsiplərin Azərbaycanın xeyrinə olduğunu deməyə əsas verir.

tehsil-press.az

Oxşar xəbərlər