AzTv-də nə baş verir? – Kanal neçənci dəfədir ki, maliyyə rəisini dəyişir

AzTv-də nə baş verir? – Kanal neçənci dəfədir ki, maliyyə rəisini dəyişir “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə yeni maliyyəçi gətirilib.

Maliyyə və mühasibat uçotu departamentinin rəisi vəzifəsinə Aysel Əsədzadə təyin olunub. Hərçənd, aztv.az saytında həmin şəxsin adı “haqqımızda” bölməsinə daxil edilməyib.

AzTV-dəki mənbələrimiz iddia edirlər ki, bu xanım televiziyanın xüsusi layihələr studiyasının direktoru Həmidağa Əsədzadənin həyat yoldaşıdır. Aysel Əsədzadənin bu vəzifəyə təyin olunana qədər heç bir yerdə çalışmadığı da iddialar arasındadır.

Qeyd edək ki, QSC-nin sədri Rövşən Məmmədovun, nədənsə, bu departamentlə “ulduzu barışmır”. Çünki 2019-cu ildə AzTV rəhbərliyinə gətirildikdən bəri vaxtaşırı maliyyə və mühasibat uçotu departamenti rəhbərlərinin vəzifədən uzaqlaşdırıldığı barədə xəbərlər yayılır. Onlardan ikisini – Natiq Kərimovu və Niyaməddin Quliyevi elə biz də xatırlayırıq.

Məsələ burasındadır ki, cəmi 5 il ərzində bir departamentdə 4–5 müdir dəyişikliyi artıq ciddi məqamlardan xəbər verir – ya sədr kadr seçimi məsələsində naşıdır və təəssüf ki, bu naşılıq indiyədək davam edir, ya da departament müdirləri “qaz vurub, qazan doldurmaq” sahəsində heç kimdən geridə qalmaq istəmədiklərindən “tez alışıb, tez yanırlar”.

Elə bu yaxınlarda Hesablama Palatasının 2023-cü il üzrə hesabatında bəzi qurumlarla, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı Baş Prokurorluğa müraciət etdiyi xəbəri də AzTV-nin idarə olunmasında ciddi qüsurların mövcudluğundan xəbər verir. Hərçənd o məlumatın ardınca Hesablama Palatasının sədri Vüqar Gülməmmədov həmin pozuntuların əksəriyyətinin aradan qaldırılması məqsədilə AzTV rəhbərliyi tərəfindən təşəbbüslərin irəli sürüldüyünü dedi. Onun sözlərinə görə, aparılan auditin nəticəsi hüquq-mühafizə orqanlarına təqdim edilməyib. Sən demə, məsələ çox sadə imiş.

“Podratçı tərəfindən eyni layihənin iki dəfə fərqli şəxslərə təqdim edildiyi aşkar edilib. Sırf bu məsələ araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələ aydınlaşıb və köçürülən vəsait dövlət büdcəsinə geri qaytarılıb”, – deyə V.Gülməmmədov əlavə edib.

Bu məqamda sual yananır: nədən QSC rəhbəri Rövşən Məmmədov bu faktı Hesablama Palatasından öncə aşkarlamayıb? Buna nə ad qoymaq olar: pulun təyinatı üzrə düzgün xərclənməsinə nəzarət etmə, sonra da təşəbbüs göstər?!

Yeri gəlmişkən, söhbət etdiyimiz HR üzrə mütəxəssislər hesab edirlər ki, ali təhsil aldıqdan sonra kiminsə birdən-birə departament rəisi vəzifəsinə təyin edilməsi qeyri-mümkündür. Həmin şəxsin rəisliyə gedən yolu aşağı pillələrdən başlamalıdır. Hətta həyat yoldaşı rəhbərliyin “sağ və sol qolu” olan Həmidağa Əsədzadə olsa belə…

AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Hüseynov isə KONKRET.az-a açıqlamasında maliyyə və mühasibat uçotu departamentinə Aysel Əsədzadənin təyin olunması xəbərini təsdiqlədi.

O bildirdi ki, Aysel Əsədzadənin maliyyə sahəsində iş təcrübəsinin olmaması barədə iddia həqiqətə uyğun deyil. “Onun iş fəaliyyətini əks etdirən və rəhbərliyə təqdim etdiyi sənədi mən də görmüşəm”.

Lakin şöbə rəisi A.Əsədzadənin xüsusi layihələr departamentinin direktoru Həmidağa Əsədzadənin həyat yoldaşı olması barədə məlumata malik olmadığını söylədi. Bu, bizə inandırıcı gəlməsə də, şöbə rəisinin sözlərinə şübhə ilə yanaşmaq istəməzdik. Hərçənd onu da başa düşürük ki, rəhbərliyə təqdim edilən sənəddə təkcə iş fəaliyyəti ilə deyil, həm də ailə durumu ilə bağlı məlumatlar qeyd olunur.

“Rövşən Məmmədov sədr olandan sonra maliyyə və mühasibat uçotu departamentinin rəhbərlərinin tez-tez dəyişməsi diqqəti cəlb edir. Bu, nə ilə əlaqədardır?” sualına Rüfət Seyidovun cavabı belə oldu: “Bu, onların yol verdikləri səhvlərlə bağlı olub. Günahsız şəxslər işdən kənarlaşdırılmırlar”.

P.S. AzTV-nin departament rəhbərlərinin əksəriyyətinin “rəis” adlandırılması da çox maraqlı məqamdır. Sanki televiziyaya deyil, hansısa hərbi qarnizona düşmüsən. Hara baxırsan, gözünə rəis görünür…

Tehsil-press.az

Oxşar xəbərlər