Tarix İnstitutundan Fəridə Məmmədovaya ağır ittiham: “O, Azərbaycanı təhqir edib”

Tarix İnstitutundan Fəridə Məmmədovaya ağır ittiham: “O, Azərbaycanı təhqir edib” “Fəridə Məmmədovanın iddiaları böhtandır. Onun gizli olaraq çap etdirdiyi “Qafqaz Albaniyası və albanlar” əsəri dövlət sifarişli idi və dövlətin maliyyəsi ilə yazılmalı idi. Dövlət sifarişi ilə yazılan kitab institutun bir neçə şöbəsində müzakirə olunandan sonra Elmi Şuraya buraxılmalı idi. Amma bu adam bütün mövcud hüquqi normalara məhəl qoymadan Azərbaycan Respublikası qanunlarını pozaraq bu kitabı adı məlum olmayan bir nəşriyyatda kitabı çap etdirib”. 1996-cı ildən bu mövzu üzərində “çalışan” F.Məmmədova dövlətin pulunu mənimsəməklə bərabər, həm də dövlətin, xalqın əleyhinə ideoloji təxribata əl atmışdır. Əslində bu cinayətdir.

Bunu Tarix İnstitutun direktor müavini t.ü.f.d.Cəbi Bəhramov tarix elmləri doktoru Fəridə Məmmədovanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov barəsindəki ittihamlarına cavab olaraq deyib.

Bununla da “Fəridə Məmmədova 2003-cü il sentyabrın 23-də Akademiyanın Rəyasət Heyətinin qərarının da əksinə gedib. Kitab ümumilikdə 798 səhifədir. Giriş səhifəsinə, üçüncü səhifəyə baxsanız görərsiniz ki, ilk cümləsi Azərbaycan xalqının təhqiri ilə başlayır. Kitabın 557, 601, 602-ci səhifələrində isə Fəridə Məmmədova XIX əsrin birinci yarısında Rusiya imperiyası tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülən ermənilərin albanlar olduğunu iddia edir və bununla da indi Ermənistan tərəfindən həyata keçirilən işğala tarixi və hüquqi haqq qazandırmağa çalışır. Bu fikri təsdiq edən cümləni kitabın 557-ci səhifəsindən götürərək olduğu kimi sizə verirəm: «Карабах и Сюник царское правительство усиленно стало заселять албанскими переселенцами из Персии и из Турции» Sual verirəm, XIX əsrin birinci yarısında Qacarlar İranı və türkiyə dövlətləri ərazisində albanlar yaşayırdı yoxsa yox? Xüsusi olaraq qeyd etmək istəyirəm ki, dövrün bütün mənbələri, ilk növbədə çar Rusiyası məmurları tərəfindən tərtib edilən rəsmi sənədlər köçürülənlərin yalnız ermənilər olduğu faktını təsdiq edir. F.Məmmədova bu cümləni eyni şəkildə və məzmunda kitabın 601 və 602-ci səhifələrində də təkrarlayır. İndi özünüz deyin belə bir saxta fikiri yazan şəxsə hansı adı vermək olar? Mənim fikrimcə bütün bunlar Azərbaycan xalqına qarşı törədilən cinayət və xəyanətdir. Həmin kitabına sonunda xəritələr verib. “Böyük Ermənistanın”, yəni olmayan bir qurumun, olmayan bir ərazi vahidinin xəritəsini hazırlayıb. Orda “Böyük Ermənistan” sözü Ərdəbil şəhərinin üstündən gəlib keçir düz Xəzər dənizinə qədər. Tarixin heç bir mərhələsində öz hüquqi və faktiki təsdiqini tapmayan uydurma bir “dövlətin” xəritəsini vermək və üstəlik tarixi Azərbaycan ərazilərini onun tərkibinə daxil etmək hansı məqsədi güdür? F.Məmmədova kitaba daxil etdiyi 12-ci xəritədə (Erməni yeparxiyaları VI əsrdən başlayaraq) Erməni Qriqoryan kilsəsinin görə bilmədiyi bir işi yerinə yetirib. Bütün bunlar nə üçün edilib? Düşünürəm ki, bütün bunlar F.Məmmədova tərəfindən qəsdən edilib. Bütün bunlar bu gün də davam edən erməni işğalına haqq qazandırmaq məqsədi güdür.Onun dedikləri birinci nöqtəsindən tutmuş sonuncu hərfinəcən institutun direktoruna, kollektivinə, ümumən Azərbaycan tarix elminə bir böhtandır. Yaqub Mahmudovu hamı tanıyır. Alim olan kəs öncə belə sözlər deməməlidir.

Mən 2007-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən MDB Tarix İnstitutları rəhbərlərinin müşavirəsində iştirak edirdim. Bu müşavirədə ermənilərin də nümayəndələri iştirak edirdilər. Onlar “Siz nə üçün Fəridə Məmmədovanı təqib edirsiniz? Əvvəllər akademik Ziya Bünyadov və akademik İqrar Əliyev onu təqib edirdilər, indi də Yaqub Mahmudov təqib edir?” Əslində F.Məmmədova doğrusunu yazıb. O, yazır ki, biz ermənilər erməniləşmiş albanlarıq və yalnız dilimizi dəyişmişik. İndi bizə Rusiya kömək öz “torpaqlarımızı” azad etmişik və onun fikirləri bizim istəklərimizi əks etdirir sözlərini söylədilər. Sual olunur erməniləri Fəridə Məmmədova ilə bağlı narahat edən səbəb nədir?

C.Bəhramov F.Məmmədovanın Aviasiya Akademiyasına kafedra müdiri təyinatını da anlamadığını qeyd edib. “Bu adam kitabxanadan Moisey Kalankatlının “Alban tarixi” kitabını götürüb qaytarmırdı.

AMEA MEK-nın direktoru bu məsələ ilə bağlı mənə iki dəfə şikayət etmişdi. Mən onu öz yanıma dəvət edib nə üçün kitabı qaytarmadığını soruşdum. Müxtəlif bəhanələr gətirdi. Mən ona kitabı qaytarmayacağı təqdirdə məhkəməyə müraciət edəcəyimi söylədim. Artıq o öz çirkin niyyətlərini əks etdirən kitabı nəşr etdirmişdi, amma yenə də kitabı kitabxanaya qaytarmamışdı. Mən bu məsələ ilə bir də maraqlandım. Kitabxananın direktoru mənə söylədi ki, F.Məmmədova kitabı hələ də qaytarmayıb və mənim yanımda götürüb ona zəng etdi. Telefonda o söylədi ki, “mən o kitabı aparıb vermişəm Yaqub Mahmudova, o da aparıb verib ermənilərə. Gedin kitabı ondan soruşun”. Kitabxananın direktoru məəttəl qaldı. Bu təkcə millət vəkilinə, institutun direktoruna deyil, o cümlədən bütün Azərbaycan xalqına böhtan atmaqdan başqa bir şey deyil. Mən katibəyə ona zəng etməyi və onu bu şər böhtana görə prokurorluğa verəcəyimi ona çatdırmağı xahiş etdim. Səhəri gün saat 9ºº-da kitabxananın işçisi mənə zəng etdi ki, F.Məmmədova Moisey Kalankatlının “Alban tarixi” kitabını gətirib. Mən ona söylədim ki, kitabı götür amma onun kağızınz qol çəkmə, qoy gəlsin mənim yanıma. Bir neçə dəqiqədən sonra F.Məmmədova mənim otağıma gəldi və söylədi ki, kitabı qaytardım. Mən soruşdum ki, hansı kitabı, o kitabı ki, Yaqub müəllim ermənilərə vermişdi. Sən o kitabı ermənilərdən almısan? Mənə söylədi ki, bəs mən nə edim? Mən isə ona “tərk edin buranı, Sizə artıq bu torpaqda yer yoxdur” cavabını verdim.

F.Məmmədova 1971-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Soruşun ondan Onun elmi rəhbəri kim olub? Karen Yüzbaşyan. Bəs opponentləri? Suren Yeremyan və V.Qukasyan. Yenə sual verirəm bunu yetişdirənlər kimlərdir, onun müəllimləri kimlərdir?!” .

Qeyd edək ki, tarix elmləri doktoru Fəridə Məmmədova aznews.az-a verdiyi müsahibədə əməkdaşı olduğu Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov barəsində kəskin ittihamlar səsləndirib. Tarix İnstitutunun tarix coğrafiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova deyib ki, onu öz işindən usandırmaq və institutdan uzaqlaşdırmaq istəyiblər ki, bu kampaniyanın da arxasında Yaqub Mahmudov dayanıb.

Tehsil-press.az

Oxşar xəbərlər