Akademik İqrar Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib

Akademik İqrar Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın genişləndirilmiş iclası keçirilib.
İclas akademik İqrar Əliyevin (1924-2004) anadan olmasının 95 illiyinə həsr olunub.
Tədbiri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq iştirakçıları salamlayıb və qeyd edib ki, İqrar Əliyev ölkəmizdə tarix elminin inkişafına töhfələr verən alim kimi tanınır.
Yaqub Mahmudov bildirib ki, İ.Əliyev beynəlxalq forumlarda Azərbaycan elmini dəfələrlə təmsil edib: “O, 1978-2004-cü illərdə Tarix İnstitutunun direktoru olub. Akademik İ.Əliyev Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib”.
Akademik qeyd edib ki, İ.Əliyev Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Azərbaycan tarixi ilə sıx bağlı olan Midiya tarixini tədqiq etməyə başlayıb: “Onun tədqiqatlarında Midiya mədəniyyəti geniş işıqlandırılmış, Cənubi Azərbaycanın və onunla həmsərhəd vilayətlərin etnik tarixi problemlərinə geniş yer verilmişdir. O, yazılarında Cənubi Qafqazın və İran yaylasının ən qədim aborigen əhalisinin qədim Azərbaycan tayfaları olduğunu dəfələrlə təsdiqləyib, irandilli etnosların isə bu regionda eradan əvvəl I minilliyin əvvəlində yayılmağa başladığını vurğulayıb”.
Bildirilib ki, İ.Əliyev Azərbaycanda qədim tarix üzrə ilk elmlər doktoru olub. O, 3 cildlik “Azərbaycan tarixi”nin əsas müəlliflərindən biri və redaktorlarındandır. 7 cildlik “Azərbaycan tarixi”nin isə Baş Redaksiya Şurasının, həmçinin I cildin əsas müəlliflərindən biri və məsul redaktoru olub.
Tədbirdə Tarix İnstitutunun “Azərbaycanın qədim tarixi” şöbəsinin müdiri, dosent Allahverdi Əlimirzəyevin məruzəsi dinlənilib. Alim qeyd edib ki, İqrar Əliyev ölkəmiz üçün tarixçi kadrların hazırlanması işinə xüsusi diqqət yetirib.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, tarixçi alimlər Əsədulla Cəfərov, Cəbi Bəhramov, Şahin Fazil və Nigar Maksvell görkəmli alim İ.Əliyevin Azərbaycan elminə verdiyi böyük töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Həmçinin tədbirdə İqrar Əliyevin 95 illiyinə həsr olunmuş məqalələr toplusunun təqdimatı keçirilib. Nəşrə görkəmli alimin həyatı və elmi fəaliyyətinə dair məqalələr, eləcə də onun aktuallığını itirməyən “Dağlıq Qarabağ: tarix, faktlar, hadisələr” əsəri daxil edilib. Toplu Tarix İnstitutunun elmi şurasının qərarı ilə çap olunub. Layihə rəhbəri Yaqub Mahmudovdur.
Qeyd edək ki, İ.Əliyev 1957-1978-ci illərdə Tarix İnstitutunun “Azərbaycanın qədim dövrü tarixi” şöbəsinin müdiri, 1981-1984-cü illərdə isə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrində çalışıb.

Tehsil-press.az



Oxşar xəbərlər