BDU-da tədbir: “Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış”

BDU-da tədbir: “Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış” Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış” adlı tədbir keçirilib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Bitkilərin ekologiyası və coğrafiyası laboratoriyasının müdiri, Fizika fakültəsinin məzunu Elman Yusifov məruzə edib. O bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi mühüm tarixi hadisə, ölkənin iqtisadi strategiyasının keyfiyyətcə yeni, yaşıl iqtisadiyyat mərhələsinə keçməsi deməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu məsələnin önəmini xüsusi vurğulayır. Planetin 198 ölkəsinin üzv olduğu bu mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ali təhsil müəssisələrinin qarşısına da mühüm vəzifələr qoyur. Neft istehsalçısı olan Azərbaycan COP qarşısında irimiqyaslı öhdəliklər götürüb. Belə ki, Azərbaycan Respublikası qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə töhfə olaraq 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının 35% azaldılması, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması, 2050-ci ilə qədər istixana qazlarının emissiyasının 40%-ə qədər azaldılmasını hədəf kimi müəyyən edib. Həyata keçirilən start işlərinin miqyası bu öhdəliklərin artıqlaması ilə yerinə yetiriləcəyinə inam verir.

Məruzədə həmçinin iqlim dəyişmələrinin təbii və antropogen səbəblərinin xronologiyası, bioloji müxtəlifliyə və insan həyatına yaratdığı ciddi təhdidlər, fəsadların yumşaldılması və zəiflədilməsi yolları, Yerdə həyatın yaranması və inkişafına olan ən son baxışlar, COP29-un mahiyyəti, ölkəmizə verəcəyi töhfələr, dunyanın gələcək konsepsiyası və qlobal modelləri, XXI əsrin ekoloji çağırışları barədə danışılıb, Azərbaycanın müasir ekoloji problemləri və cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası barədə məlumat verilib. 

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Milli Aviasiya Akademiyasının, BDU-nun digər fakültələrinin alim və mütəxəssisləri iştirak edib, fikirlərini səsləndiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər