Bütün Azərbaycan bu günü GÖZLƏYİRDİ - Bir neçə saatdan sonra QƏRAR AÇIQLANACAQ

Bütün Azərbaycan bu günü GÖZLƏYİRDİ - Bir neçə saatdan sonra QƏRAR AÇIQLANACAQ Bu gün Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq. Azərbaycan tərəfi görüşün gündəliyini, hələlik, açıqlamayıb. Amma Ermənistanın Xarici İşlər Nazirliyindən (XİN) yerli mediaya bildirilib ki, gündəliyə tərəflərin öhdəliklərinin təsdiqi, eləcə də regional nəqliyyat infrastrukturu və ticarət marşrutlarının bərpası ilə bağlı məsələlər daxil edilib.

Bu görüş iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi fonunda baş tutacaq. Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Amma ötən ildən başlayaraq Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar da gerçəkləşib. Hazırda bu formatda onların arasında sərhədlər müəyyənləşdirilməkdədir.

Məlumata görə, artıq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Bəs Qazaxıstan görüşündə Zəngəzur dəhlizinin açılması, habelə sülh sazişi ilə bağlı ciddi nəticələr əldə olunacaqmı?

Məsələ ilə bağlı danışan politoloq Qabil Hüseynli Referans.az-a bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa çox yaxındır:

“Bu görüşdə hər iki dövlətin xarici işlər nazirinə geniş səlahiyyətlər verilib. Sülh müqaviləsinin bağlanması, iki ölkə arasındakı istər delimitasiya olsun, istərsədə kommunikasiya vasitələrinin açılması ilə bağlı məsələlərdə yetərincə sərbəstlik verilib. Buna görə də, hər iki tərəf məsələləri müzakirə edib qərar çıxarmaq imkanına malikdirlər. Rusiyanın iddiasına görə, Azərbaycan və Ermənistan sülh şəraiti yaratmaq üçün kifayət qədər səlahiyyətləndirilib. Artıq onlar qərar vermək imkanlarına malikdirlər”.

Politoloq qeyd edib ki, Almatı görüşündə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin əsas müzakirə mövzusu tərəflərin öhdəliklərinin təsdiqi, eləcə də regional nəqliyyat infrastrukturunun qurulması ilə bağlı olacaq, amma şübhəsiz ki, bu görüşdə sülh sazişi ilə bağlı da mühim addımlar atılacaq.

Onun sözlərinə görə, iki ölkə arasında nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı ciddi qərarların qəbul olunacağı gözlənilir: “Zəngəzur dəhlizi ilə bağlı mətbuatda danışılmasa da, onunla bağlı da ciddi addımlar atıla bilər. İstənilən halda iki ölkənin xarici işlər nazirinin vasitəçilər olmadan görüşü təqdirəlayiq addımdır. Almatı görüşündə lazımi və qərarı verilmiş nəticələr olacaq".

Tehsil-press.az

Oxşar xəbərlər