Sülh müqaviləsi bu tarixdə İMZALANACAQ – AÇIQLAMA

Sülh müqaviləsi bu tarixdə İMZALANACAQ – AÇIQLAMA Azərbaycan Prezidenti İlham Əliyevdən sonra Ermənistan baş naziri Nikol Paşinyan mayın 7-si mətbuat konfransındakı çıxışında, noyabradək sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü bəyan etdi: “Ermənistan bu ilin noyabrına qədər Azərbaycanla sülh müqaviləsi bağlaya bilər”.

Almatı görüşündən əvvəl Paşinyanın bu nitqi müzakirələrə səbəb oldu. Bakıda baş tutacaq COP29-a qədər sülh istiqamətində hansısa irəliləyişin olması gözlənilirmi? Belə bir zaman kəsiyində müqavilənin imzalanması üçün zəmin varmı?

Mövzu ilə bağlı danışan millət vəkili Arzu Nağıyev bildirib ki, sülh sazişinin imzalanmasına ümidlər çoxalıb.

“Ermənistan tərəfi dəfələrlə qeyd edib ki, sülh sazişinin imzalanmasına çatmaq üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır. Bu prinsiplər açıqdır. İki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişin olacağı ümidlə gözlənilir. Tam və davamlı sülhə nail olmaq, onu qanuni şəkildə tənzimləmək üçün Qarabağın separatçı qurumlarının nümayəndəliyi ləğv olunmalı, konstitusiyada müvafiq dəyişiklər edilməlidir. Bu istiqamətdə də bir sıra işlər görülür”, – o deyib.

Deputatın sözlərinə görə, sülh müqaviləsinin COP29 ərəfəsində baş tutması mümkündür.

“Paşinyan hakimiyyəti köçkünlərə dəstəyin üç istiqamətdə həyata keçiriləcəyini elan edib: mənzil tikintisi, ev və ya mənzillərin alınması, köçkünlərə ödənilməmiş ipoteka kreditləri üçün yardımın göstərilməsi. Bundan başqa, onlara son təxribatlara qoşulacaqları təqdirdə təzminatların dayandırılacağı barədə xəbərdarlıq edilib. Əlbəttə, konstitusiya ilə bağlı da vaxt gələndə dəyişiklilər edilməlidir, əks halda sülhün bərqərər olması çətin olacaq. Sülh müqaviləsinin imzalanması vasitəçi olmadan daha tez həyata keçəcək. Buna baxmayaraq, artıq aydın olur ki, ciddi proseslər gedir: Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası: 40-a yaxın sərhəd dirəyinin basdırılması və əsassız etirazların hökumət tərəfindən yatırılması. Gözlənilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşü, artıq iki ölkənin danışıqlarında ABŞ-nin dolayı şəkildə iştirakı, Antoni Blinkenin proses zamanı öz zəngləri ilə şəxsən iştirak etməsi”, – deyə deputat fikrini yekunlaşdırıb.

Politoloq Elçin Xalidbəylinin fikrincə, Ermənistan-Azərbaycan arasında mümkün sülh müqaviləsinin imzalanması üçün effektiv zəmin yaranıb.

“Rəsmi Bakı və Paşinyan hakimiyyəti bənzər mövqedən çıxış edirlər. Bir müddət öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan sülh sazişi bəndləri ilə bağlı ciddi bir fikir ayrılığının olmadığını bildirdi. Baş verənlər rəsmi İrəvanın sülh sazişini imzalamaqda maraqlı olduğunu göstərir. Paşinyan hökuməti ABŞ və Avropa İttifaqından gözlədiyi dəstəyi ala bilmədi. Brüssel təxribatı iflasa uğradı”.

O qeyd edib ki, Paşinyanın qeyd etdiyi noyabr ayı Ermənistan üçün olduqca böhranlı bir tarixdir.

“Çünki sözügedən ayda ABŞ-də prezident seçkiləri olacaq və seçkilərdə sabiq prezident Donald Trampın qalib gəlmə ehtimalı yüksəkdir. Paşinyan hakimiyyətinin qorxusu ondan ibarətdir ki, 44 günlük savaş dövründə Tramp administrasiyası Azərbaycan-Ermənistan müharibəsinə ciddi diqqət yetirməmişdi. Lakin cəmi bir dəfə Tramp atəşkəsə çağırmışdı. Məlumdur ki, sabiq ölkə başçısı Ermənistan faktoruna bir o qədər əhəmiyyət vermir. Bu baxımdan Trampın hakimiyyətə yenidən gəldiyi təqdirdə, hesab edilir ki, Ermənistan regionda təklənmiş duruma düşəcək. Bu səbəbdən seçkilər baş vermədən Nikol sülh sazişini imzalamaqda maraqlıdır”,- deyə E.Xalidbəyli fikrini yekunlaşdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər