Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar ödənilən kompensasiyaların məbləği müəyyənləşdi

Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar ödənilən kompensasiyaların məbləği müəyyənləşdi “Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası” təsdiq edilib.

E-huquq.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Bu qərarla təsdiq edilən Qaydada göstərilən maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilir.

Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi QAYDASI

Bu Qayda “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanıb və ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləğini və ödənilməsi qaydasını müəyyən edir.

Mənzil kirayəsi üçün pul kompensasiyası ədliyyə orqanlarının işçilərinə (bundan sonra - ədliyyə işçisi) və onların ailə üzvlərinə verilir.

Mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği

Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə işçisinə və onun ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq, mənzil kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğlərdə ödənilir:

Bakı şəhərində - 150 manat;

Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat;

başqa şəhər və rayon mərkəzlərində - 75 manat;

digər yaşayış məntəqələrində - 55 manat.

Ədliyyə işçisinə onun hər bir ailə üzvünə görə bu Qaydada göstərilən müvafiq kompensasiyaların 50 faizi məbləğində hər ay əlavə pul kompensasiyası ödənilir.

Bu Qayda ilə müəyyən edilmiş ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi

Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə işçisinə və onların ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində mənzil kirayəsi üçün pul kompensasiyası aşağıdakı sənədlər əsasında ödənilir:

ədliyyə işçisinin ərizəsi (raportu);

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri tərəfindən ədliyyə işçisinin qulluq keçdiyi müvafiq ədliyyə orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış;

mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə;

ədliyyə işçisinin və ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin (evli olduğu halda), 15 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin surəti.

Bu Qaydaya uyğun olaraq tələb olunan sənədlərin və ya məlumatların “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ədliyyə işçisindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ədliyyə işçisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ədliyyə işçisi tərəfindən təmin edilir.

Yeni xidmət yerinə gəlmiş ədliyyə işçisi kirayədə yaşaması barədə ərizə (raport) ilə müraciət edərkən bu Qaydada nəzərdə tutulmuş sənədləri təqdim etməlidir.

Mənzilin kirayəsi üçün pul kompensasiyası mənzilin kirayə götürülməsi barədə müqavilənin imzalandığı gündən hesablanmaqla, lakin yeni vəzifəyə təyin edilmə günündən tez olmayaraq, ədliyyə orqanının rəhbərinin bu barədə əmrindən sonra ödənilir.

Bu Qayda ilə müəyyən edilmiş sənədlər hər il yenidən toplanaraq təqdim edilməlidir.

Ədliyyə işçisinin ailə tərkibində dəyişikliklər baş verərsə, bu barədə işçi tərəfindən rəhbərliyə məruzə edilməli və pul kompensasiyası ilə bağlı müvafiq sənədlər təqdim olunmalıdır.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xidməti yaşayış sahəsi ilə (digər yaşayış sahəsi ilə) təmin edilmiş ədliyyə işçilərinə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilmir.

Tehsil-press.az

Oxşar xəbərlər