Ədliyyə Nazirliyi məlumat yaydı

Ədliyyə Nazirliyi məlumat yaydı Azərbaycanda “Biznesin müflisləşməsi” işçi qrupunun növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə işçi qrupuna rəhbərlik edən Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, iclasda Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, İşçi qrupunun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı, Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Toğrul Hüseynov və nazirliyin digər məsul vəzifəli şəxsləri, eləcə də İqtisadiyyat Nazirliyi, həmin nazirlik yanında Dövlət Vergi Xidmətinin rəsmiləri iştirak edib, “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə” Yol Xəritəsində nəzərdə tutulmuş fəaliyyətin icra vəziyyəti müzakirə olunub, görülmüş işlər üzrə dinlənilmələr aparılıb.

Biznesin müflisləşməsi prosesinin müasir dövrün tələblərinə uyğun yeni mexanizmlər əsasında tənzimlənməsini təmin etmək məqsədilə ötən müddət ərzində İşçi qrupu beynəlxalq ekspertlər cəlb etməklə “Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsinin ilkin variantını hazırlayıb.

Həmin qanun layihəsinin tərtib olunması işinin tamamlanması üçün Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəhbərliyi ilə Tematik qrup yaradılıb, tərkibi müəyyənləşdirilərək iş qrafiki təsdiq olunub. Həmin Tematik qrup biznesin müflisləşməsini, sahibkarlıq subyektlərinin sağlamlaşdırılmasını və müflisləşməsini tənzimləyəcək yeni qanun layihəsi ilə yanaşı, bu sahəyə dair digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi məsələsini də müzakirə etməyi nəzərdə tutur.

Belə ki, iflas proseduru başlanılmış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların hüquqi şəxslərin dövlət reyestri və reyestrdə vergi ödəyicilərinin uçotunun aparılması məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunvericilik aktlarına dəyişikliklərə dair layihələr hazırlanıb.

İşçi qrupu İqtisadiyyat Nazirliyinin fəal iştirakı ilə BMT-nin Beynəlxalq Ticarət Qanunvericiliyi Komissiyasının tövsiyələri nəzərə alınmaqla mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün sadələşdirilmiş iflas və sağlamlaşdırma prosedurlarının müəyyən edilməsi ilə əlaqədar araşdırmalar aparıb.

Yol Xəritəsində nəzərdə tutulan insan kapitalının gücləndirilməsi fəaliyyəti üzrə Ədliyyə Akademiyası davamlı olaraq işlər görür, kommersiya mübahisələrinə baxan hakimlər, hakimliyə namizədlər, bu növ işlərdə iştirak edən vəkillər və əmlak inzibatçıları üçün müflisləşmə və sağlamlaşdırma ilə bağlı təlimlərin təşkil olunması istiqamətində tədbirlər həyata keçirir, zəruri tədris proqramları hazırlayır.

Bununla yanaşı, müflisləşmə və sağlamlaşdırma prosesinin rəqəmsallaşdırılması sahəsində işlər həyata keçirilərək “Elektron məhkəmə” informasiya sistemində hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə mövcud olan məlumatların dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edilməsi, habelə internet resurslarında bu sahədə çıxarılmış qərarların və müvafiq hesabat növünün ayrıca dərci imkanı yaradılıb.

Hazırda müflisləşmə sisteminin təkmilləşdirilməsi üzrə görülmüş işlər və bu sahədə olan beynəlxalq tələblər barədə kommunikasiya və maarifləndirmə tədbirlərinin davam etdirilməsi üçün intensiv müzakirələr aparılır.

İşçi qrup qeyd olunan sahə ətrafında təkliflərə və müzakirələrə tam açıq olduğunu bəyan edir.

Tehsil-press.az

Oxşar xəbərlər