“UNEC-100” inkişaf strategiyasının icrasını təmin etmək məqsədilə işçi qrupu yaradılıb

“UNEC-100” inkişaf strategiyasının icrasını təmin etmək məqsədilə işçi qrupu yaradılıb “UNEC-100” inkişaf strategiyasını əsas götürməklə bu istiqamətdə hədəf və fəaliyyətlərin icrasını daha çevik və səmərəli həyata keçirmək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) işçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri strateji məsələlər üzrə prorektor, professor Mirdaməd Sadıqovdur.
Professor M.Sadıqov strateji inkişaf planının müddəalarının vaxtında və səmərəli icrasını təmin etmək məqsədilə UNEC-in müvafiq struktur bölmə rəhbərlərinin təmsil olunduğu işçi qrupunun üzvləri ilə onlayn görüş keçirib.
Görüşdə bildirilib ki, dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməyi hədəfləyən universitet 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan “UNEC-100” inkişaf strategiyasını təsdiq edib. Yeddi strateji məqsəd və otuz bir hədəfi ehtiva edən sənəddə konkret fəaliyyət istiqamətləri də təsbit olunub.
M.Sadıqov strateji məqsədlərin həyata keçirilməsi istiqamətində işçi qrupunun səmərəli fəaliyyəti üçün universitetdə lazımi şərait yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, müvafiq strukturların mütəxəssisləri, ekspertləri layihələrin hazırlanması işinə cəlb oluna bilər. İşçi qrupu universitetin bütün struktur bölmələri üzrə beynəlxalq təcrübə nəzərə alınmaqla strateji inkişaf planlarının layihələrini hazırlamalı, qısa və uzunmüddətli dövr üçün məqsəd və vəzifələrini müəyyənləşdirməlidir.
Qeyd edilib ki, UNEC-in Zaqatala və Dərbənd filialları, eləcə də universitetin nəzdində fəaliyyət göstərən kolleclər inkişaf strategiyasında təsbit olunan məqsədlərin icrası istiqamətində layihə və təkliflərini təqdim etməlidirlər.
Görüşdə strateji inkişafın planlaşdırılması, qiymətləndirilməsi və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Sonra inkişaf strategiyasının yeddi strateji məqsədinin həyata keçirilməsi üzrə işçi qrupunun üzvləri müəyyən olunub.

Tehsil-press.az

Oxşar xəbərlər