Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar – Nə baş verir?

Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar – Nə baş verir? Rusiya Prezidenti Vladimir Putin “Rusiyada yaşayan xarici vətəndaşların vəziyyəti haqqında” qanunu təsdiqləyib. Yeni qanuna əsasən, Rusiyadakı miqrantlara ölkədə taksi, ictimai nəqliyyat idarə etmək qadağan ediləcək. Onlara həmçinin qida sektorunda işləməyə, tütün və spirtli içkilər satmağa, eləcə də məktəbəqədər təhsil müəssisələrində çalışmağa izin verilməyəcək.

Yeni qanun Rusiya vilayətlərinin rəhbərlərinə miqrantlara qarşı əlavə məhdudiyyətlərin tətbiqinə də imkan yaradacaq.

Bəs bu qanunun qəbul edilməsinin səbəbi nədir?

Mövzu ilə bağlı danışan politoloq Elçin Abdullayev deyib ki, Rusiyanın belə bir qanun qəbul edəcəyi gözlənilən idi:

“Xüsusilə də Ukrayna müharibəsindən sonra Kreml rəhbərliyinin belə addım atması başadüşüləndir. Bu qanunun hansı səbəbdən qəbul edildiyini anlamaq üçün ilk növbədə hansı sahələrə şamil edildiyinə nəzər salmalıyıq. Belə ki, miqrantların hərəkət trayektoriyasını məhdudlaşdıran sahələrin hamısı strateji əhəmiyyətlidir. Rusiya da bu sahələri nəzarətə götürməyə çalışır. Öz təhlükəsizliyini təmin etmək üçün sözügedən qanunu qəbul etmək məcburiyyətində qalıb”.

Politoloqun sözlərinə görə, qanun daha çox Orta Asiya miqrantlarına təsir edir:

“Kreml hesab edir ki, Ukrayna müharibəsi fonunda Rusiya daxilinə terrorçu və təxribatçı qruplar sızdırıla bilər. Sözügedən qrupların isə əsasən Orta Asiya istiqamətindən gəlmə ehtimalı yüksəkdir.

Bu qanun azərbaycanlı miqrantların da həyatına təsirsiz ötüşməyəcək. Azərbaycandan Rusiyaya gedib pul qazanmaq istəyənlərin imkanlarını məhdudlaşdıracaq. Əvvəlki kimi hərəkət edib, rahat formada pul qazana bilməyəcəklər”.

E.Abdullayev sözügedən qanunun Rusiyaya da təsir edəcəyini düşünür:

“Ukrayna müharibəsi ilə onsuz da çökmək üzrə olan Rusiya iqtisadiyyatı bu qanunun qəbulundan sonra daha da çətin vəziyyətə düşəcək”./Globalinfo.az

Tehsil-press.az

Oxşar xəbərlər