Pakistanlı kişilər ukraynalı qadınlarla evlənmək üçün Bakıya gəldi - Tələyə düşdülər

Pakistanlı kişilər ukraynalı qadınlarla evlənmək üçün Bakıya gəldi - Tələyə düşdülər Pakistanda Avropa ölkələrinə "göndəriş verən" şirkətin rəhbəri Bakıda həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, "NRAXİS İmmigration Services Pvt Ltd" ("NRAXİS İmmiqrasiya Xidmətləri Pvt Ltd") şirkətinin rəhbəri M.Naeemin həbs edilməsinə səbəb 18 Pakistan vətəndaşını Bakıya gətirərək, pullarını mənimsəməsi olub.

Belə ki, M.Naeem Pəncab vilayətində özü və bacısının adına sözügedən şirkəti təsis edib. Məqsədi Avropa ölkələrinə getmək üçün müraciət edən Pakistan vətəndaşlarına viza alınmasında və xarici ölkələrə göndərilməsində kömək etmək olub. M.Naeem bu yolla 18 Pakistan vətəndaşından müxtəlif məbləğlərdə vəsait alaraq, onları Sialkot-Dubay-Bakı aviareysi ilə Bakıya göndərib.

M.Naeem 18 Pakistan vətəndaşını Ukraynada davam edən müharibə ilə əlaqədar Bakıda sözügedən ölkənin qadınları ilə evləndirəcəyinə inandırıb və bundan sonra Avropa İttifaqına üzv dövlətlərin ərazisinə göndərəcəyini deyib. Bundan sonra isə onlar Avropa İttifaqına üzv ölkələrdə təmir-tikinti, sürücü və s. kimi mülki xidmət sahələrində işləyə biləcəklər.

Ukraynalı qadınlarla evlənmək üçün 18 Pakistan vətəndaşı 5 ay Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayıblar. M.Naeem onlara məxsus pasportları alıb, özündə saxlamaqla ölkəni vaxtında tərk etmələrinə də maneə yaradıb.

Bakıda həmvətənlilərinin etirazı ilə üzləşən M.Naeem onları Ukraynanın Azərbaycankı səfirliyinin binasının yaxınlığındakı parka aparıb. Onlara səfirliyin binasını göstərərək guya viza alınmasına köməklik göstərəcəyinə inandıraraq aldadıb.

Təqsirləndirilən 1987-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı M.Naeem məhkəmədə özünü qismən təqsirli bilib. O deyib ki, Ukrayna vətəndaşı olan Akhsey adlı şəxslə aralarında razılıq əldə edərək, 18 Pakistan vətəndaşını evlənmək üçün Bakıya gətirib. Razılaşmaya əsasən, pakistanlılarla evlənmək üçün ukraynalı qadınları Bakıya Akhsey gətirməli imiş. Bu işi Natalya adlı qadının görülməsi tapşırılsa da, son anda Ukraynada yaşayan qadın M.Naeemın təklifindən imtina edib.

Məhkəmənin qərarı ilə M.Naeemın Cinayət Məcəlləsinin 178.3.2 və 318-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Tehsil-press.az

Oxşar xəbərlər