Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə təcrübə mübadiləsi aparıb

Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə təcrübə mübadiləsi aparıb Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri və mütəxəssisləri arasında qəhvəyi mərmər bağacığına (Halyomorpha halys) qarşı aparılan mübarizə tədbirlərinə həsr olunmuş onlayn görüş keçirilib.

Zoom platforması üzərindən təşkil olunmuş görüşdə hər iki ölkənin mütəxəssisləri zərərvericiyə qarşı effektiv mübarizə tədbirləri barədə təcrübə mübadiləsi aparıblar.
Qəhvəyi mərmər bağacığının Gürcüstan və Azərbaycanda yayılma arealları, istifadə olunan preparatlar, mübarizə metodları və monitorinq üsulları ətraflı müzakirə olunub.

Görüşdə, həmçinin birgə tədqiqatların aparılması, məlumat mübadiləsinin gücləndirilməsi və zərərvericiyə qarşı mübarizədə regional əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab edilir. Məhsudarlığa ciddi ziyan vura bilir. Polifaq bir zərərvericidir, onun qidalandığı təxminən 300-dən çox fərqli bitki vardır. Zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Bir dişi fərdi 300-ə qədər yumurta qoya bilir. Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir (dadı pisləşir, üst səthi kələ-kötür olur). Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə əsasəndə fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.

Zərərvericiyə qarşı mübarizə tədbirləri davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər