Kənd Təsərrüfatı Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndə heyəti ilə görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndə heyəti ilə görüş keçirilib Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) eksperti Qreyg Makkenzi ilə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə buğda və arpa istehsalında ağıllı kənd təsərrüfatı üzrə təcrübə mübadiləsi məsələsi müzakirə olunub.

Görüşdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli bildirib ki, müasir dövrdə kənd təsərrüfatında geniş şəkildə tətbiq edilən innovativ metodlar ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ətraf mühitə mənfi təsirlərin azaldılmasında mühüm rol oynayır. Aparat rəhbəri qeyd edib ki, kənd təsərrüfatının məhsuldarlığının artması, ilk növbədə, stres amillərinə davamlı, yerli şəraitə adaptasiya olunan məhsuldar bitki sortlarının yaradılmasından, kənd təsərrüfatı səviyyəsində mədəni və texnoloji dəyişikliklərin qəbul edilməsindən asılıdır. O əlavə edib ki, kənd təsərrüfatının iki əsas sahəsindən biri olan bitkiçilik məhsullarının istehsalında və ərzaq təhlükəsizliyinin təmin edilməsində taxıl bitkiləri (buğda, arpa, çəltik və qarğıdalı) əhəmiyyətli rol oynayır. Bu baxımdan torpaq, qida maddələri, sudan səmərəli şəkildə istifadə və həmin resursların effektiv idarə olunması Azərbaycanda bitkiçilik sahəsində məhsuldarlığın artmasına, iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsinə imkan verəcək.

AEBA-nın eksperti Qreyg Makkenzi çıxışında Kənd Təsərrüfatı Nazirliyi ilə agentlik arasında sıx əməkdaşlığın mövcud olduğunu və bu əməkdaşlığın kənd təsərrüfatının müxtəlif sahələrini də əhatə etdiyini qeyd edib.

Görüş zamanı taxıl istehsalında məhsuldarlığın artırılması və istehsalın dayanıqlılığının təmin edilməsində stres amillərinə davamlı taxıl sortlarının əhəmiyyəti vurğulanıb, nüvə texnologiyasının və müvafiq metodların tətbiqinin aktual məsələlərdən olduğu diqqətə çatdırılıb.

Həmçinin görüşdə seleksiya işlərində nüvə texnologiyasının tətbiqi təcrübəsi, təklif edilən texnologiyanın seleksiya prosesinin qısaldılmasında rolu və əldə edilmiş nəticələr müzakirə olunub. Tərəflər bitkiçilik sahəsinin inkişafına verdiyi töhfələri nəzərə alaraq gələcəkdə də bu əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər