Qəzetlər düşdü gözdən ay can-ay can

Qəzetlər düşdü gözdən ay can-ay can Vaxt vardı informasiya qıtlığı, xəbər aclığı var idi. İndi isə yalan-palan, doğru xəbərlərin bolluğunda boğuluruq. Atalar demişkən çoxluq özü də bir şey deyilmiş. Hətta indi qəzet, jurnal adı gələndə, jurnalistəm deyəndə elə bil qarşındakının dədəsinə söyürsən. Ancaq bir vaxtlar jurnalist sözü qılıncdan iti, sözlərin şahı idi. Çox adam jurnalistin olduğu məclisdə söz deməyə çəkinirdi, qorxurdu ki, birdən nəyisə səhv edərəm, nəyisə düzgün tələffüz edə bilmərəm, mənə irad tutar, ayıbdır. Ax o vaxt jurnalist də jurnalist idi. İndi necə, hər yerindən duran demokratiya, söz azadlığı – deyib mətbuata cumub, evindən küsən, ərindən boşanan, arvadından ayrılan... Heç bir iş sahibi olmayan ya molla, ya müğənni, ya da ki, jurnalist olur... Bununla da onlar bu sahəni elə nüfuzdan saldılar ki, gəl görəsən. İndi də bu ünsürlər “sayt” açmaşq xəstəliyinə tutulublar. Vaxt var idi 6-7 qəzetim var deyənlər, indi də 7-9 saytım var deyirlər.
Əlbəttə, heç kəs kiminsə işinə müdaxilə etmir, kiməsə yol göstərmir, ağıl da vermir buna onun ixtiyarı da yoxdur. Ancaq belə də deyil. Gəlin özümüzə, sözümüzə, mətbuatımıza hörmət etməyi bacaraq. Müqəddəs peşəyə hörmət qoyaq. Axı bu peşə bizə Zərdabi, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Üzeyir, Səməd Vurğun, Məmməd Araz və s. yadigarıdır. Bu kişilərin ruhu bağışlamaz bizi!
Təəssüf ki, mətbuatımızı qoruya bilmirik. Belələri ilə mübarizə aparmaq istəmirik! Ancaq bu müqəddəs peşəni, qorumağı bacarmalıyıq. Bu, xüsusilə jurnalistika ixtisasına yiyələnən hər kəsin müqəddəs peşə borcudur. Sözümüzü qiymətdən, hörmətdən düşməyə qoymamalıyıq!!!

Tehsil-press.az

Oxşar xəbərlər