Müəllim nüfuzu necə qazanılmalı...

Müəllim nüfuzu necə qazanılmalı... Həmişə ən hörmətli şəxslərə biz müəllim deyə müraciət etmişik. Doğrudur, bu gün də belədir. Ancaq o qədər də yox. İndi görürsən ki, kim gəldi ona müəllim deyirlər, müəllim necəsən? Sözün düzü, bu sətirləri yazmaq mənə çox ağır və çətin gəlir. Çünki müəllim, müqəddəs peşədir. Nəcib peşədir. Bir də bütün peşə sahiblərini, həkimi də, hüquqşünası da, jurnalisti də müəllim yetişdirir. Bəzən görürsən küçə və bazarlarda eşidirik. – “Ə, müəllim göyün dəsti neçəyədir? Müəllim, kartofun kilosu neçiyə olacaq, avtobuslarda, müəllim, saxla düşüm, müəllim saat neçədir, müəllim pivə necə gedir və s. və ilaxır”.
Təbii ki, bu kimi müraciətlər müəllim nüfuzuna, şəxsiyyətinə xələl gətirir. Bəs onda niyə biz avtobus sürücüsünə doktor, zəhmət olmasa saxla düşüm, yaxud, yoldaş prokuror, pamidor və xiyar neçəyədir demirik?! Doğrudur, bizim mintalitetimizdə müəllim, bəy, sözü müraciət formasında işlədilir. Bu, danılmazdır. Ancaq bu şəkildə də yox ki! Hər kəsə məllim, deyə müraciət etmək, düşünürəm ki, düzgün ifadə deyil. Yenə də təkrar edirəm. Bütün bunlar müəllim adına, nüfuzuna xələl gətirir.
İkinci bir məsələ: son zamanlar məktəblərimizdə baş verən bəzi xoşagəlməyən olaylar da müəllim nüfuzuna xələl gətirdi. Müəllim qarşısında əyləşən tələbəyə, yaxud şagirdə - düz otur, özünü yaxşı apar – sözlərinə görə az qala ölkədən departasiya edilsin. Niyə? Müəllim öz əxlaqın, tərbiyəsini itirənə nə desin? Döymək olmaz, söymək qadağandır, bəs nə etmək? Biz təbii ki, tərbiyəçinin tərbiyəsiz olmasının əleyhinəyik. Biz demirik ki, müəllim öz övladı bildiyi şagirdi, tələbəni döysün, söysün, vallah, bəzən insan hövsələdən çıxanda öz övladını döyür də, söyür də. Ancaq yenə təkrar edirik, - biz bütünlükdə zorakılığın əleyhinəyik. Amma yenə də başqa yolu bulmaq zorundayıq, nə etmək?! Bir vaxt vardı (sohbət Sovetlər dönəmindən gedir) biz müəllimlərimiz tərəfindən məzəmmət olunanda onu evdə valideynlərimizə demirdik. Ona görə qorxurduq ki, validenylərimiz bizə yox, müəllimlərimizə haqq qazandıracaq. Sən nə etmişdin ki, müəllim səni döyüb, yaxud danlayıb... (təbii ki, söhbət o döyənəkdən getmir). İndi müəllimin həddi nədir ki, uşağa nəsə qaşın üstə gözün var desin, o saat valideyn keçir hücuma, özü də necə, tək yox, dəstə ilə... Belə olan halda şagird nə etməlidir, o müəllimi eşidərmi? Onun sözünə qulaq asarmı?
Başqa bir məsələ. Hamımız yaxşı bilirik ki, Sovetlər dönəmində də müəllimlərimizin elə də yüksək məvacibləri olmayıb, ancaq onlar ürəklə, vicdanla dərs keçərdi, şagirdləri ali məktəblərə qəbul olunanda onlarla fəxr edərdi, onların valideynləri qədər sevinərdi. Heç vaxt yadımdan çıxmaz. Həmişə dərsdən sonra bizə məşğələ salardılar. Gələrdik evə, çörəyimizi yeyib ikinci növbə qayıdardıq məktəbə, əlavə məşğələdə müəllimlərimiz bizə imkanları qədər təmənnasız dərslərimizi təkrar etdirər, öyrədərdilər. Tarix müəllimim Rəhim Murtuz oğlu Məmmədov – indi o haqq dünyasındadır. Allah ona rəhmət eləsin! Söz düşəndə səmimiyyətimə inanın, onun mənimlə bağlı sevinci, valideynlərim qədər idi. Onun ruhu qarşısında baş əyirəm, Allah sənin yerini cənnət etsin Rəhim müəllim! İndi eşidirik ki, bəzi müəllimlər normal dərs keçmir ki, şagird onun evinə hazırlığa gəlsin! (Təbii ki, biz bunları bütün müəllimlərimizə şamil etmirik). Bu gün də öz
vəzifə borcunu vicdanla, şərəflə yerinə yetirən müəllimlərimiz var. Axı hökumətimiz xərc çəkib dünya standartlarına cavab verən məktəb binaları tikib. Ona görə tikməyib ki, şagirdlərimiz bilik almaq üçün müəllimlərin evinə getsinlər? Onda belə çıxır ki, bütün məktəbləri ləğv etmək lazımdır, bir halda ki, müəllimlər evlərdə dərs keçirlər. Şagirdə bilik məktəbdə verilməlidir, evlərdə, tədris kurslarında yox! Qoy bunu müəllimlərimiz də bilsin. Axı müəllim nüfuzunu onlar özləri qazanmalıdırlar, necə ki, vaxt ilə qazanıblar...

H.Əkbər

Oxşar xəbərlər