KÖHNƏ VƏ YENİ BAKI

KÖHNƏ VƏ YENİ BAKI Bakının dərdi var, Bakı xəstədir (S.Vurğun)

Həmişə belə eşitmişik: hər şeyin təzəsi, dostun köhnəsi! Təbii ki, təzə şeyin öz yeri, gözəlliyi, təravəti var. Ancaq nədənsə köhnəlikdən söz düşəndə “köhnə kişilər”, “heyf köhnə Bakıdan” – deyib köks ötürürlər. Köhnə Bakı deyəndə bu elə də uzun tarix deyil, söhbət təxminən 10-15 il bundan əvvəlki Bakıdan gedir. Təbii gözəlliyi, yaşıllığı, küçələrin isə səliqə-sahmanı, park və bulvarının öz təbiliyi ilə seçilməsindən və s. bütün bunlardan ağız dolusu danışıldığının şahidi oluruq. O vaxtkı Bakıdan söhbət gedəndə çoxlarının burnunun ucu göynəyir. Deyirsən ay qardaş, nədən bunlar xoşuna gəlmir? Hündür binalar, dəbdəbəli parket döşənmuş parklar, mərmər bardyorlar, gündə qazılıb-sökülən və yeniləşən asfalt şösse yollar, hər addım başı “moyka”lar, bir-birindən fərqli min bir çeşidli supermarketlər və s. bunların nəyi pisdir ki? Siz də durub Bakının qədimliyini axtarırsınız, qurtarın bu boş söhbətləri.
Doğrudanmı köhnə Bakı təzə Bakıdan qat-qat üstün idi. Baxın beşmərtəbəli binanın yanında on altı mərtəbə, 16 mərtəbənin önündə 18 mərtəbə onun qarşısında market, bərbərxana, qabağında “moyka”, “moyka”nın qabağında dönərxana, bəh-bəh, a kişi, vallahi-billahi, erməni köpək oğlu Bakınn işğal etsəydi onu bu kökə salmazdı, - deyə bir rəfiqim söhbətə qarışır və mənə öz iradını bildirir. Unutmaq olmaz ki, Bakı təkcə bakılıların deyil, Bakı, Azərbaycann ürəyidir, paytaxtıdır! Bakı dünyada yaşayan azərbaycanlıların əzəli və əbədi paytaxtıdır, - dedi. Bakıda doğulub, ancaq dünyanın harasında yaşamasından asılı olmayaraq, hər kəs üçün müqəddəs bir məkan, bir məbəddir. Onu bu vəziyyətə salmaq, vallah allahsızlıqdır! Bir də ki, Bakı təkcə bulvardan ibarət deyil. Mən Xətai rayon sakiniyəm, - az qala əsəbləşsin müsahibim. Bəzən dəhşətə gəlilrəm sanki rayon hansısa bir terrorçunun, əlindədir. Metro “Həzi Aslanov”, “Əhmədli” istiqamətinə baxdıqca bu mənzərəyə baxıb göz yaşların saxlaya bilmirsən. Bu mənzərə sanki hansısa bir döyüş poliqonunu xatırladır. Deyirsən bəlkə də kimsə öz vicdanını itirib. Bəs əlaqədar təşkilatlar necə, bunu görmürlər? Bu talana, soyğunçuluğa, haqsızlığa, bu dağıntıya bir “dayan!” “dur!” – deyən yoxdurmu? Rayonun ərazisinin yalnız şosse yolları qalıb. Fikirləşirsən ki, bunu vicdanı olan kəs heç vaxt etməz. Ağlına gəlir ki, sanki kimsə göstəriş verib, tala! dağıt! Harda nə gəldi tik! Rayonun ərazisində həyətyanı bağ sahələri belə qalmayıb, bar ağacları qəddarcasına kəsilib, yerində “moyka”lar, xeyir-şər evləri, nə bilim çayxana, dəlləkxana və s. tikilib. Deyək ki, tikənin vecinə deyil, o, öz qazancını güdür, bəs bu yaşıllığı tarmar edənə icazə verən, şərait yaradan, göz yuman məmurun vicdanı yoxdur?! Gəlin Bakımız qoruyaq, ancaq Abutalıb ev deyən kimi yox, köhnə Bakı kimi, Sovetlər dönəmindəki Bakı kimi... Onu bu gün qorumasaq sabah gələcək nəsil bizi bağışlamayacaq, necə ki, tariximizi, keçmişimizi qorumadıq, indi əzabını çəkirik, sabah da Bakının faciəsini yaşayacağıq. İşğalda qalan Qarabağ kimi!

H.Əkbər

KÖHNƏ VƏ YENİ BAKI


Oxşar xəbərlər