Bakıda müəllimlər şagirdləri məktəbdə qoyub gedib? - Video

Bakıda müəllimlər şagirdləri məktəbdə qoyub gedib? - Video 12:22

Ötən gün Yeni Suraxanı qəsəbəsində yerləşən 89 saylı orta məktəbdə qəribə hadisə yaşanıb. Axşam saatlarında dərs başa çatdıqdan sonra müəllimlər tələsik məktəbi tərk ediblər. Məktəbin qapıları bağlandığından bəzi şagirdlər gecə saatlarına qədər içəridə qalıblar.

Tehsil-press.az xəbər verir ki, bu barədə Bakupost.az-a hadisənin şahidi olan qəsəbə sakini məlumat verib.

Onun sözlərinə görə, 89 saylı məktəbdə sinif otaqlarının sayı az olduğu üçün ikinövbəli dərs sistemi tətbiq olunur:

"İkinci növbənin dərsləri saat 13:00-da başlayırdı. Hazırda dərslər bir saat gec - saat 14:00-da başlayır. Saat 18:50-də dərslər bitir. Mən saat 19:00-da məktəbin yaxınlığıdan keçirdim. Orada olanda müşahidə etdim ki, on dəqiqə ərzində müəllimlər, digər işçilər qapıları bağlayıb, məktəbi tərk ediblər. Ancaq bəzi uşaqlar içəridə qalıblar. İşıqlandırma sistemi yoxdur, hər tərəf tamamilə qaranlıqdır. Uşaqlar məktəbin hasarından düşürdülər. Soruşuram, bala, burda neynirsiz? Deyirlər, bizi içəridə qoyub gediblər. Yəni məktəbdə bu dərəcədə intizamsızlıq var. Bunun bir səbəbi də sinif çatışmazlığıdır".

***

Yeni Suraxanı qəsəbəsindəki 89 saylı məktəbdə müəllimlərin məktəbi bağlayıb, şagirdləri içəridə qoyub getdiyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

Məktəbdən APA-ya bildirilib ki, oktyabrın 28-də ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb:

"Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır. Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir".

"Məktəbdə tədrisin təşkili və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır", - deyə məlumatda qeyd edilib



Tehsil-press.az

Oxşar xəbərlər