Günahkar tapılacaq və cəzalandırılacaq – AZAL

Günahkar tapılacaq və cəzalandırılacaq – AZAL Azərbaycan pilotları yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirərək, təyyarəni təhlükəsiz şəkildə idarə edib.

Bunu Azərbaycan Hava Yolları QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.

"Bu hadisə, həmçinin, Azərbaycanın pilot hazırlığının və aviasiya təhlükəsizliyinin yüksək standartlara uyğunluğunu göstərir. Ölkəmizdə formalaşmış bu ənənələr illərdir qorunur və inkişaf etdirilir", - o deyib.

Onun sözlərinə görə, təyyarəyə kənar müdaxilə olunub:

"Günahkar da tapılacaq və cəzalandırılacaq. Hadisənin bütün detalları araşdırıldıqdan sonra nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Tehsil-press.az


Oxşar xəbərlər