“Abzasçılar”la bağlı ittiham elan edildi - “15 layihəyə yarım milyonluq qrant alınıb”

“Abzasçılar”la bağlı ittiham elan edildi - “15 layihəyə yarım milyonluq qrant alınıb” “Abzas Media” işi üzrə ittiham edilən yeddi nəfərin məhkəmə istintaqı başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib.

Bu iş üzrə - “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər - Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə mühakimə edilir.

“Abzasçılar” əlbir olmaqla azad media pərdəsi altında çoxsaylı cinayətlərin törədilməsində iştirakda ittiham edilirlər.

İttihama əsasən, həmin saytın rəhbəri Ülvi Həsənli mənfəət qazanmaq üçün “Abzas Media” adlı qurumun adından özlərinin davamlı surətdə təqdim etdikləri ayrı-ayrı qrant layihələri üzrə xarici donor təşkilatlarından qeydiyyata alınmamış müqavilələr (qərarlar) əsasında xüsusilə külli miqdarda pul vəsaitlərini qanunsuz yolla əldə edib. Həmin pullar gömrük sərhədindən qaçaqmalçılıq yolu Azərbaycana keçirilib. Təqsirləndirilən şəxslər aralarında vəzifə bölgüsü etməklə qanunsuz sahibkarlıqla məşğul olub, külli miqdarda vergiləri ödəməkdən yayınıblar.

Bundan başqa, Ülvi Həsənli müxtəlif xarici donorlarla danışaraq qrant layihələr üçün pullar almaqda ittiham olunur.

İstintaq materiallarına əsasən, onlar Azərbaycan ərazisində qrant vermək hüququ əldə etməmiş “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (Prague Civil Society Centre) təşkilatı ilə 1 sentyabr 2020-ci il tarixdən 1 mart 2021-ci il tarixinədək olan dövrdə qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 33 532 manat təşkil edən 16 000 avro məbləğində qrant əldə ediblər.

Sənədlərdə qeyd edilib ki, müttəhimlər müxtəlif xarici təşkilatlar tərəfindən ümumilikdə 15 layihənin keçirilməsi nəticəsində 545 min 278 manat məbləğində pul vəsaitlərini qrant adı ilə alıblar. Həmin pullar təqsirləndirilən şəxslər tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilib. İstintaq müəyyən edib ki, Azərbaycandakı bankomatlar vasitəsilə xarici donor təşkilatları tərəfindən qrant adı ilə “Abzasçılar”​a verilmiş ümumi məbləğin 82 min 467 manatının nağdlaşdırılması həyata keçirilib.

Bununla da təqsirləndirilən şəxslər əldə etdikləri pullarla qanunsuz sahibkarlıqla məşğul olublar. Ülvi Həsənli qaçaqmalçılıqla ölkəyə gətirdikləri pul vəsaitlərinin xərc istiqamətləri barədə xarici donor təşkilatlarına yalan məzmunlu hesabatlar verib.

“Abzas Media” işi üzrə ofisdə əməliyyat keçirilərkən cinayət yolu ilə əldə etdikləri 200 ədəd 200-lük avro pul əsginaslarından ibarət olmaqla 40 000 avro məbləğində nağd pul vəsaiti aşkar edilərək götürülüb.

Müttəhimlər ittihama münasibətdə özlərini təqsirli bilməyib.

Növbəti prosesdə onlara sərbəst ifadə vermək təklif ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər