"Vəkillərin "TikTok"da canlı yayım açıb hədiyyə istəməsi arzuolunmaz haldır"

"Son zamanlar sosial şəbəkələrdə, xüsusən “TikTok” platformasında vəkil həmkarlarımızın icraatlarında olan işlərlə bağlı məlumat verməsi, işin hallarını bildirməsi, qabaqcadan işin nəticəsi ilə bağlı qəti fikir bildirməsi halları ilə qarşılaşırıq. Hətta “TikTok”da canlı yayım açan bəzi həmkarlarımızın hədiyyə istəməsi, vəkil peşəsi ilə bağlı sualları cavablandırması, icraatlarında olmuş işlərlə bağlı özlərini reklam etmələri kimi hallarla qarşılaşırıq ki, bu arzuolunmazdır".

Bunu Vəkillərin İntizam Komissiyasının üzvü Elvin Əliyev deyib.

O, həmkarlarını bu kimi davranışlardan çəkinməyə çağırıb: "Vəkillərin Davranış Qaydaları haqqında" Əsasnaməyə əsasən vəkililin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirə bilməz. Vəkilin verdiyi məsləhət hüquqi yardımdır və bu hüquqi yardım müqavilədən kənar göstərilə bilməz. Bəzən vəkil həmkarlarımıza müqavilədən kənar hüquqi yardımın göstərilməsinin intizam pozuntusu olduğu bildirildikdə "pul almıram ki" cavabı ilə qarşılaşırıq. Məsələ pul alınmasında deyil. İlk növbədə göstəriləcək hüquqi yardımla bağlı tərəfilə müqavilə imzalanmalı, müqavilədə qeyd olunmuş məbləğ vətəndaş tərəfindən vəkil bürosunun hesabına ödənildikdən sonra hüquqi yardım göstərilə bilər. Çünki ödənişsiz hüquqi yardım göstərilən şəxslərin dairəsi qanunla müəyyən olunub. Vəkilin hüquqlarını müdafiə etdiyi şəxslə arasında olan danışıqlar, məsləhətlər, görüşlər konfidensialdır və o söhbətlər vəkil sirrini təşkil edir, vəkil sirrinin yayılması qanunsuzdur. Vəkilin işin nəticəsi ilə bağlı sosial şəbəkələrdə qəti fikir bildirməsi birmənalı qarşılanmır. Çünki yekunda vəkilin vəd etdiyi nəticə olmadıqda özü və peşəsi barədə xoşagəlməz fikirlər səsləndirilir. Ona görə də biz vəkil peşəsi ilə bağlı pis fikir formalaşdıracaq hərəkətlərdən çəkinməliyik, buna şərait yaratmamalıyıq".

Elvin Əliyev vəkillərə sosial şəbəkələrdə paylaşım edərkən diqqətli olmağı tövsiyə edib: "Hər hansı qadağanın olmaması, o demək deyil ki, vəkil sosial şəbəkələrdə istənilən hərəkəti edə bilər. Ümumiyyətlə, “TikTok” platformasında vəkil adı ilə canlı yayım açmağın vəkilliyin nüfuzuna yaxşı təsir etdiyini düşünmürəm. Yəqin ki, qısa zaman ərzində belə xoşagəlməz hallara münasibət bildiriləcək".

Tehsil-press.az

Oxşar xəbərlər