FHN Akademiyasında tədbir keçirildi

FHN Akademiyasında tədbir keçirildi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin beynəlxalq humanitar əməliyyatlarda fəaliyyəti” mövzusunda tədbir keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir Nazirliyin Baş əməliyyat idarəsi, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd Akademiyanın kursantlarının beynəlxalq humanitar əməliyyatlarda fəaliyyət üzrə biliklərinin artırılması və bacarıqlarının təkmilləşdirilməsi olub.

Tədbirdə çıxış edən FHN Baş əməliyyat idarəsinin rəis müavini, Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin komandiri polkovnik Ələsgər Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyi ən müasir texnika və avadanlıqlarla təmin edilib. O, bildirib ki, cənab Prezidentin humanitar fəaliyyət sahəsində tapşırıqlarının operativ və keyfiyyətli icrası məqsədilə zəruri tədbirlər davam etdirilməkdədir. Bu məqsədlə şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mütəmadi tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb, Nazirliyin axtarış-xilasetmə bölmələrinin ölkə daxilində axtarış-xilasetmə əməliyyatlarını həyata keçirməklə yanaşı, beynəlxalq humanitar əməliyyatlarda ölkəmizi layiqincə təmsil etmək imkanlarına malik olduğu qeyd edilib.

Ə.Əliyev Nazirliyin qüvvələrinin Türkiyə Respublikasında 2023-cü ildə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyətindən də danışaraq bu sahədə təcrübəsini kursantlarla bölüşüb.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev tədbirdə çıxış edərək, təhsil ocağının kursant heyəti ilə keçirilən tədbirin, o cümlədən Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyəti ilə yaxından tanış olmalarının əhəmiyyətindən danışıb.

O, humanitar əməliyyatlarda ölkəmizin layiqincə təmsil olunması məqsədilə Nazirliyin tabeliyində Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin yaradıldığını, 2024-cü ilin sentyabr ayında BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən müvəffəqiyyətlə keçdiyini diqqətə çatdırıb.

İki gün davam edən tədbirin nəzəri hissəsində FHN Akademiyasının Həyat Fəaliyətinin Təhlükəsizliyi ixtisası üzrə təhsil alan kursantlara “Fövqəladə hallar zamanı ilkin psixoloji yardım”, “Beynəlxalq axtarış-xilasetmə əməliyyatlarında idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili”, “Qəbuletmə-yolasalma məntəqəsi (RDC) və Şəhər əməliyyatlarının koordinasiya mərkəzinin (UCC) fəaliyyətinin təşkili”, “INSARAG Koordinasiya və İdarəetmə Sistemi”nin (ICMS) tətbiqi”, “Beynəlxalq humanitar əməliyyatlarda medianın rolu” və “Beynəlxalq humanitar əməliyyatlarda xilasetmə və ümumi təhlükəsizlik tədbirləri” mövzuları təqdim edilib.

Tədbirin praktiki hissəsində kursantlar Akademiyanın tədris binasında təşkil olunan Dəstənin İdaretmə, Qəbuletmə-yolasalma məntəqəsi (RDC) və Şəhər əməliyyatlarının koordinasiya mərkəzinin (UCC) fəaliyyətində iştirak edərək, Beynəlxalq Axtarış-xilasetmə və Məşvərət Qrupu (INSARAG) təlimatları əsasında sənədləşmə və informasiya-kommunikasiya texnologiyaları avadanlıqları ilə yaxından tanış olublar.

Sonda tədbirin mövzusuna dair geniş müzakirə aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər