Cinayətkarlar polis zabiti geyimində

Cinayətkarlar polis zabiti geyimində Ötən ay Şəkidə özünü polis kimi təqdim edən Sahilə Əfəndiyevanı (yuxarıdakı şəkildə-red.) yəqin ki, hələ uzun illər xatırlayacağıq. Polis əməkdaşları tərəfindən saxlanılan 18 yaşlı həmin qızı ələ verən isə polis forması ilə geyindiyi “krossovka” ayaqqabıları olub. Şübhəli şəxs özünü Bakı şəhər polis bölmələrindən birinin əməkdaşı kimi təqdim edib. Ondan xidməti vəsiqə istənildikdə isə təqdim etməkdən imtina edib. Daha sonra şübhəli şəxsi polis şöbəsinə gətiriblər və məlum olub ki, bu yalançı polis uniformanı dükanlardan birindən alıbmış.

Daha öncə də özünü polis kimi təqdim etmə ilə bağlı mətbuatın gözündən yayınmayan analoji hadisələr olmuşdu. Məsələn, Sumqayıtda magistral yolun kənarında dayanan yalançı polislər yüksək sürətlə hərəkət edən avtomobil ovuna çıxaraq pul qazanırdılar. Bundan başqa, son vaxtlar özünü “Azərsu”nun və digər qurumların əməkdaşı kimi təqdim edərək evləri qarət edənlərin sayı artıb. Bəs yalnız xüsusi səlahiyyətə malik olan şəxslərin geyinməsinə icazə verilən formaları adi mağazalardan almaq mümkündürmü? Bu zaman onlardan hər hansı vəsiqə tələb olunurmu?
Bu suallara cavab tapmaq üçün yolumuzu paytaxtın bir neçə uniforma satılan mağaza və atelyelərindən saldıq. Zorge küçəsində yerləşən uniforma mağazasının satıcısı Samirin sözlərinə görə, mağazada Ədliyyə, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Miqrasiya İdarəsinin əməkdaşlarına hərbi geyimlər satılarkən vəsiqə tələb olunur: “Biz həm hərbi, həm də mülki geyimlər tikirik. Sadəcə şablon gətirilir və ondan istifadə edirik. Amma güc strukturlarına aid geyimlər sifariş olunan zaman mütləq vəsiqə tələb edirik. Doğrudur, bizdə polis geyimini vəsiqəsiz sifariş vermək istəyənlər olub, amma biz heç vaxt belə sifarişləri vəsiqəsiz qəbul etməmişik”.

Cinayətkarlar polis zabiti geyimində

Yusif Səfərov küçəsində yerləşən digər bir uniforma satılan atelyeyə də baş çəkdik. Mağaza sahibinin sözlərinə görə, burada polis və digər güc strukturları əməkdaşlarına uniformalar tikilmir. Yalnız fəhlələrə, tibb işçiləri və digər müvafiq peşə sahiblərinə xalatlar tikildiyindən onlardan heç bir vəsiqə istənilmir.
Ekspertlər isə hesab edirlər ki, əslində xüsusi geyimlərdən sui-istifadə hallarının olmaması üçün birinci növbədə insanların dərrakəsi inkişaf etməlidir. Hüquqşünas Müzəffər Baxışovun tehsil-press.az-a bildirdiyinə görə, əgər kimsə xüsusi geyimdən sui-istifadə edirsə, o, məsuliyyət daşıyır: “Polislər uniforma tikilən atelyelərdən geyim sifariş edirlər. Doğrudur, bəzən qeyri-polislər də buradan istifadə edə bilirlər. Amma kimsə polis formasından istifadə edirsə, başqasının hüquqlarını pozursa, o, qanun qarşısında məsuliyyət daşıyır. Polis formasını daşımağa hüququ olmayan şəxs tərəfindən formanın daşınması qanunsuzluqdur. Amma bu məsələdə dərzinin heç bir günahı yoxdur, çünki, ona sifariş verilir. Qanunvericilikdə dərziyə müraciət etməsi üçün sifariş verən şəxsin şəxsiyyətinin müəyyən olunması ilə bağlı elə bir məhdudiyyət yoxdur”.

Cinayətkarlar polis zabiti geyimində

Qeyd edək ki, özünü vəzifəli şəxs kimi təqdim etməyə görə Cinayət Məcəlləsinin 310-cu maddəsində cinayət məsuliyyəti nəzərdə tutulub. Özünü vəzifəli şəxs kimi təqdim etmə və ya vəzifəli şəxsin vəzifələrinin mənimsənilməsi ilə əlaqədar fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb olan hərəkətlər törətməyə görə 500 manatdan 1000 manata qədər cərimə və ya 240 saatdan 400 saata qədər ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Dərzi üçün belə qaydaların nəzərdə tutulmadığını deyən M. Baxşıovun sözlərinə görə, hər bir insan bilməlidir ki, əgər bir şəxsin xüsusi rütbəsi yoxdursa, xüsusi səlahiyyətə malik deyilsə, digərlərinin paltarlarından geyə bilməz.
“Dərzilərə vəsiqə təqdim etmədən geyim tikməyi qadağan etmək problemin həlli yolu deyil. İnsanlar özləri məsuliyyətli olmalıdırlar və bilmədlirlər ki, bu cinayət məsuliyyətinə səbəb olur. Bu kimi hüquq pozuntularının qarşısını almaq mümkün deyil, insanların özlərinin dərrakəsi olmalıdır”, - deyə hüquqşünas bildirib.


Tehsil-press.az

Oxşar xəbərlər