
Lənkəran-Astara Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, İdarənin tabeliyində olan Astara, Cəlilabad, Lənkəran və Masallı rayonlarında 10 məktəbəqədər təhsil müəssisəsi cari və əsaslı təmir olunub. Lənkəranda 3 və 7, Astarada 3 nömrəli, Təngərüd, Şiyəkəran və Şahağac kənd körpələr evi-uşaq bağçaları, Cəlilabadda 1 nömrəli körpələr evi-uşaq bağçası, Masallıda 4 nömrəli, Qızılağac kənd uşaq bağçası təmirdən sonra istifadəyə verilib, Ərkivan qəsəbə 2 nömrəli körpələr evi-uşaq bağçası isə yeni fəaliyyətə başlayıb.
Qeyd edək ki, yenilənmiş bağçalar uşaqları müasir və rahat təhsil mühiti ilə təmin edir, bundan əlavə, yeni iş yerlərinin açılmasına imkan yaradır. Yeni məktəbəqədər təhsil müəssisələrində 688 uşağın təlim-tərbiyəsi ilə 106 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Növbəti tədris ili üçün 43 ümumtəhsil məktəbində və 21 məktəbəqədər təhsil müəssisəsində cari təmir işlərinin aparılması planlaşdırılır.
Xatırladaq ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində 536 ümumtəhsil, 121 məktəbəqədər, 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda 29 ümumtəhsil və 13 məktəbəqədər təhsil müəssisəsində təmir işləri görülür, 18 təhsil müəssisəsində bina və qazanxana tikintisi aparılır. Bu tədris ilinin başlanğıcında 3 təhsil müəssisəsi - Masallı rayon Qəzvinoba kənd və Cəlilabad rayon Pərdi kənd ümumi orta ümumtəhsil məktəbləri tikilib, Lənkəran rayonu İstisu qəsəbəsi 2 nömrəli tam orta ümumtəhsil məktəbi üçün uyğunlaşdırılmış konteyner tipli bina istifadəyə verilib. Bu il isə Lənkəran rayonu Viyən kənd, Astara rayonu Şümrüd və Sərək kənd, Lerik rayonu Cəngəmiran kənd, Cəlilabad rayonu Kövüzbulaq, Musalı və Göytəpə şəhəri 2 nömrəli tam orta məktəblərinin istifadəyə verilməsi planlaşdırılır. 2024-2025-ci tədris ili ərzində 280-ə yaxın istilik problemi operativ şəkildə həll olunub, 60-a yaxın təhsil müəssisəsində istilik sistemi qazla işləyən mərkəzləşdirilmiş sistemlə əvəz edilib.
Tehsil-press.az